İnsanlar 100 min il əvvəl necə yaşayırdılar? – maraqlı kəşf

Alimlər təxminən 100 min il əvvəl yaşamış insanların həyatı, yaşadıqları mühit və ölüm səbəbləri ilə bağlı yeni məlumatlar əldə ediblər. Tədqiqat müasir Efiopiya ərazisində aparılıb və erkən Homosapiensin gündəlik həyatına dair nadir təsəvvür yaradır.

Araşdırmalar Afrikanın ən vacib paleoantropoloji bölgələrindən biri sayılan Afar rif vadisində həyata keçirilib. Qazıntılar zamanı mütəxəssislər 1800-ə yaxın daş alət və 130-dan çox heyvan qalığı aşkar ediblər.

Tapılan alətlərin əksəriyyəti yerli daşlardan hazırlanıb. Bununla yanaşı, bəzi alətlərin obsidiandan düzəldildiyi müəyyən olunub. Bu materialın başqa bölgələrdən gətirildiyi ehtimal olunur. Bu isə qədim insanların hərəkət etdiyini və ya ilkin mübadilə əlaqələrinin mövcud ola biləcəyini göstərir.

Təhlillər göstərir ki, həmin dövrdə bu ərazi mövsümi olaraq su basan düzənlik olub, burada meşələr və zəngin heyvan aləmi mövcud idi. Ərazidə həm kiçik gəmiricilər, həm də iri ot yeyən heyvanlar yaşayırdı.

Maraqlıdır ki, tapılan heyvan sümüklərində parçalanma və ya kəsim izlərinə rast gəlinməyib. Bu isə onu göstərir ki, insanlar hər zaman ovlarını və ya əldə etdikləri qidanı məhz bu ərazidə emal etməyiblər.

Xüsusi diqqət çəkən məqamlardan biri isə üç insan qalığı ilə bağlıdır. Bu qalıqlar fərqli ölüm ssenarilərini göstərir. Bir nəfərin sümüklərinə əsasən onun tez bir zamanda basdırıldığı ehtimal olunur. Digər insanın qalıqlarında yanıq izləri aşkarlanıb, lakin bunun səbəbi hələ də məlum deyil. Üçüncü şəxsin isə yırtıcı heyvanların hücumuna məruz qaldığı düşünülür – sümüklərində buna uyğun izlər tapılıb.

Tədqiqatçılar bildirirlər ki, bu tapıntılar erkən insanların həyat şəraitini daha yaxşı anlamağa kömək edir. Məlum olur ki, Homo sapiens mürəkkəb və riskli mühitdə yaşayır, təbiətlə sıx əlaqədə olur və müxtəlif təhlükələrlə üzləşirdi.

Alimlərin sözlərinə görə, təxminən 100 min il əvvəlki dövr insan inkişafında mühüm mərhələ olub. Məhz bu dövrdə insanların davranış və texnoloji xüsusiyyətləri formalaşmağa başlayıb və bu da sonradan onların dünyanın müxtəlif bölgələrinə yayılmasına imkan verib.