Biləsuvarda avtomobil aşdı: Xəsarət alanlar var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

Cəbrayıl rayon sakini, 1950-ci il təvəllüdlü Fəryaz Kəlbiyevin idarə etdiyi “Nissan Sunny” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.