Azərbaycan Prezidenti: “Bizim Rusiya ilə münasibətlərimiz zamanın sınağından çıxıb”

0
442

Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçi şəhərinə səfəri zamanı “Valday” Beynəlxalq Diskussiya Klubunun iclası ərəfəsində Rusiyanın “Rossiya” televiziya kanalına müsahibə verib. Müsahibəni təqdim edirik.

– Salam, cənab Prezident. Aleksey Qolovko, “Vesti” proqramı.

– Çox xoşdur.

– Bu il Valdayın mövzusu “Şərqin şəfəqi”dir, Asiya ölkələrinə xüsusi diqqət yetirilir. Rusiya kimi Azərbaycan da demək olar Avropa ilə Asiyanın qovuşuğunda yerləşir. Siz burada hansı əsas məsələləri qaldırmaq və hansı suallara cavab almaq istərdiniz?

– Əvvəla, “Valday” Diskussiya Klubunda iştirak etmək dəvətinə görə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə minnətdarlığımı bildirmək istərdim. Valday klubu özünü dünya gündəliyinin və çox vacib aktual məsələlərin müzakirəsi üçün diskussiya platformalarından biri kimi göstərib. Əlbəttə ki, mən bu gün Vladimir Vladimiroviçlə görüşmüşəm. Biz ikitərəfli münasibətlərimizin çox zəngin olan və xeyli sahələri əhatə edən gündəliyini müzakirə etmişik. Buna görə də mən, şübhəsiz ki, ikitərəfli gündəliyi, Azərbaycanın rastlaşdığı mühüm problemləri, yeni çağırışları işıqlandırmağı planlaşdırıram. Odur ki, mən bu gün çox maraqlı diskussiyaya ümid bəsləyirəm.

-Məlum olduğu kimi, Azərbaycanın Qərb ölkələri ilə yaxşı münasibətləri var. Rusiya artıq bir neçə ildir ki, sanksiyalar altındadır. Bu, Sizə Rusiya ilə əməkdaşlıq etməyə və bütün bu ikitərəfli layihələri inkişaf etdirməyə mane olmurmu?

– Xeyr, qətiyyən mane olmur. Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub. Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik. Deməliyəm ki, AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi. Biz, həmçinin BMT, ATƏT, təbii ki, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstəririk, çox sıx ticari-iqtisadi münasibətlərimiz mövcuddur. Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir. Prezident Putinlə bugünkü görüş bunu bir daha təsdiq etdi.

-Daha bir sual siyasət barədə yox, Sizin alma-mater – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə bağlıdır. Tezliklə yubileyi olacaq. Siz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları arasında ilk Prezidentsiniz. Bu təhsil Sizə hansı əsas keyfiyyətləri verib və bu, Sizə indi siyasi fəaliyyətinizdə necə kömək edir?

-Bilirsiniz, tələbəlik illəri hər bir insan üçün xüsusi illərdir. Bu, yetkinləşmək, müstəqil həyata qədəm qoymaq illəridir. Məndə bu dövr yaşayış yerimi dəyişərək Bakıdan Moskvaya köçməklə müşayiət olunub. Deməliyəm ki, valideynlərim məni məktəbə tez, hələ 6 yaşım tamam olmamış göndəriblər. Buna görə də mən orta təhsilimi 16 yaşım tamam olmamış bitirmişəm. Açıq deyəcəyəm, mənim heç pasportum da yox idi. Buna görə də mən Moskvaya ali məktəbə qəbul olunmağa arayışla gəlmişdim. İlk qış sessiyası qabağı isə 16 yaşım tamam oldu və mən pasport aldım. Əlbəttə, bu yeniyetməlik çağıdır. Amma mən institutda özümü çox rahat hiss edirdim. Çünki şərait çox müsbət idi, həm qrupdakı uşaqlarla, həm də müəllimlərlə çox yaxşı münasibətlərim yaranmışdı. Həmin illər unudulmazdır. Onlar mənə bilik, ünsiyyət təcrübəsi verib. Bu, ilk müstəqil həyat təcrübəsi idi. Deməliyəm ki, institutu bitirdikdən sonra mən ölkələrdən birində SSRİ səfirliyində işə təyinat alsam da, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda qalmağa üstünlük verdim. Aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim, bundan sonra xeyli illər orada işlədim. Yəni, mənim 15 ilim institutla əlaqədar olub. Əlbəttə ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məzunlarının ilk forumunun mənim təşəbbüsümlə Bakıda keçirilməsini elə bütün bunlar müəyyənləşdirdi. Hətta yadımdadır, o vaxt zarafat etdim ki, başqa cür ola da bilməz, təkcə ona görə yox ki, həmin vaxt mən yeganə Prezident idim, həm də əlifbaya uyğun olaraq istər ölkənin, istərsə də soyadımın ilk hərfinə görə belə olmalı idi. Forum Bakıda keçirilməli idi. Çox şadam ki, bu forum artıq ənənəyə çevrilib, məncə artıq 5-ci dəfə keçirilib. Əlbəttə ki, bu, hamımızı birləşdirir. İnstitut müəllimlərimi, dostlarımı fərəhlə xatırlayıram və bu yubileydə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna yeni uğurlar arzulayıram. Şadam ki, bu ali məktəbə uzun illərdir mənim mehriban dostum Anatoli Vasilyeviç Torkunov başçılıq edir, institutun inkişafında, dünyanın ən aparıcı ali məktəblərindən biri kimi tanınmasında onun çox böyük xidmətləri var.

– Sonuncu qısa sual. Prezident Tokaev də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur. Bu, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafına kömək edir?

– Bilirsiniz, şadam ki, mən indi məzun kimi Prezident olaraq tək deyiləm. Əlbəttə, biz Kasım-Jomart Kemeleviçlə bir-birimizi lap çoxdan tanıyırıq. Biz həm Qazaxıstanda, həm Azərbaycanda, həm də beynəlxalq tədbirlər çərçivəsində görüşmüşük. Əlbəttə, o, Prezident seçiləndə mən ona zəng vurub təbrik etdim, hər ikimiz təməli Azərbaycan Prezidenti Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulan uzun illərin mehriban münasibətlərini daha da inkişaf etdirməyə davam edəcəyimiz barədə fikir mübadiləsi apardıq. Yəni, biz bu ənənələri davam etdiririk və əminəm ki, gələcəkdə Qazaxıstanla Azərbaycan elə bu cür qarşılıqlı aktiv fəaliyyət göstərəcək.

-Çox sağ olun.

-Sağ olun.