Uyğunlaşma çətinliyi

Uyğunlaşma çətinliyi xüsusilə kiçik yaşlı uşaqlar və yeniyetmələr arasında tez-tez rast gəlinən hallardan biridir. Uşaq və yeniyetmə tanımadığı, öyrəşmədiyi  mühitdə olanda ona uyğunlaşa bilmir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova ictimaixeber.az saytına deyib: “Bu məsələdə bəzi valideynlərin də yol verdiyi bəzi yanlışlıq və tələskənlik halalrı da olur. Məsələn, əksər valideynlər  uşaqlardan yeni bir mühitə düşərkən çox sürətlə ona uyğunlaşmasını, ətrafdakılarla, həmyaşıdları ilə ünsiyyət qurmasını istəyirlər. Lakin bu, qətiyyən  doğru yanaşma  deyil. Belə olanda valideyn özü də hiss etmədən  uşağın özünə inam hissini aşağı salır, onu utandırır, onun özündə çatışmazlıq hiss etməsinə səbəb olur. Həm də belə olanda uşağın uyğunlaşma problemi nəinki həllini tapır, əksinə prosses daha da çətinləşir və uzanır.

Uyğunlşma müddəti normal halda təxminən 5-15 dəqiqə çəkə bilər.  Həmin müddətdə uşaq yeni düşdüyü mühiti dərk etməyə və onun üçün əlverişli olub-olmadığını anlamağa çalışır. Əgər  uyğunlaşma müddəti həmin vaxtdan daha uzun çəkirsə,  deməli,  uşaqda öyrəşmək problemi var. Bəzi uşaqlarda həmin problem nəinki tanımadıqları mühitə  qarşı, həmçinin tanıdıqları, davamlı qonaq getdikləri məkana və ya yaxınlarına qarşı da ola bilir. Onlar sonralar bağçada və  məktəbdə də uyğunlaşma problemi yaşayırlar. Əslində bağça və məktəbin də uyğunlaşma müddəti var  və bu,  6 həftə, yəni 2 aya yaxın davam edə bilər. Həmin müddətdə  uşağın bağçaya və ya məktəbə getmək istəməməsi,  uyğunlaşa bilməməsi, hətta ağlaması normal bir prosesdir. Lakin həmin müddətin daha   uzun  davam etməsi  uşaqda uyğunlaşma probleminin olmasını təsdiq edir”.

Psixoloqun dediyinə görə,  hiperaktiv uşaqlarda isə demək olar ki, belə bir çətinlik olmur: “Ümumiyyətlə, hiperaktiv uşaqlarda uyğunlaşma probleminə demək olar ki, təsadüf olunmur və onlarda mühitə uyğunlaşma prosesi sürətli gedir. Onu da qeyd etmək lazımdır ki, uyğunlaşma  problemi bəzi hallarda təkcə uşaqda, hətta onun valideynlərində də müşahidə olunur. Qeyd etmək lazımdır ki, sosial fobiyası, uyğunlaşma problemi olan valideynlərin övladlarında da həmin halın yaşanması ehtimalı yüksəkdir. Belə olan halda mütləq peşəkar  psixoloq dəstəyi vacibdir. Uyğunlaşma probleminə səthi, diqqətsiz  və qeyri-ciddi yanaşmaq olmaz. Həmin problem vaxtında yoluna qoyulmadıqda uşağın gələcək həyatında çətinliklərin yaranmasına və cəmiyyətdə özünə yer tapa bilməməsinə parıb çıxara bilər. Ona görə də uşaqlar arasında həmin halla üzləşmə halları baş verəndə mütləq psixoloqa üz tutmaq, onun məsləhət və tövsiyələrini almaq  və onu mümükün qədər erkən yaşlarda yoluna qoymaq lazımdır”.

ictimaixeber.az