Füzuli şəhərində Özbəkistan Mədəniyyət Günlərinə start verildi


SİMİB və DAMM rəhbərliyinin nümayəndələri tədbirdə iştirak ediblər.

Bu gün Füzuli şəhərində Özbəkistan Mədəniyyət Günləri çərçivəsində təşkil olunan konsert proqramı ilə silsilə tədbirlərə rəsmi olaraq start verilib. Konsert proqramı zəngin mədəni irsi, milli musiqi və rəqs nümunələri ilə tamaşaçılara unudulmaz anlar yaşadıb.
Azərbaycan və Özbəkistan qədim tarixə, ortaq mənəvi dəyərlərə və zəngin mədəniyyətə malik qardaş xalqlardır. Tarix boyu formalaşmış bu mənəvi bağlar bu gün də müxtəlif sahələrdə, xüsusilə mədəniyyət və incəsənət müstəvisində uğurla davam etdirilir. Azərbaycan torpağında, azad edilmiş Füzuli şəhərində Özbəkistan Mədəniyyət Günlərinin keçirilməsi iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin parlaq nümunəsidir.
Tədbirdə təqdim olunan Özbəkistanın milli musiqisi, folklor və səhnə çıxışları böyük maraqla qarşılanıb. Konsert proqramı mədəniyyətin xalqları birləşdirən gücünü bir daha nümayiş etdirib.
Mədəni tədbirdə Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin (SİMİB) və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin (DAMM) nümayəndələri də iştirak ediblər. DAMM və SİMİB-in nümayəndələri, Zahir müəllim olmaqla, tədbir çərçivəsində Özbəkistanın mədəniyyət işçiləri və ölkədə olan qonaqlarla yaxından tanış olub, səmimi və dostluq şəraitində görüşlər və fikir mübadilələri aparıblar. 
Bu görüşlər mədəni əlaqələrin daha da dərinləşməsinə və gələcək əməkdaşlıq imkanlarının müzakirəsinə zəmin yaradıb.
Qeyd edək ki, Özbəkistan Mədəniyyət Günləri çərçivəsində növbəti günlərdə də müxtəlif mədəni proqramların, sərgilərin və görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu cür tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanın, mədəni inteqrasiyanın və dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayır. Füzulidə keçirilən bu mədəni görüş bir daha sübut etdi ki, ortaq dəyərlər üzərində qurulan əməkdaşlıq gələcəkdə daha geniş layihələr üçün möhkəm zəmin yaradır.