ZƏFƏR BAYRAMI MÜNASİBƏTİLƏ ÇIXIŞ – VİDEO

Əziz həmvətənlər, hörmətli tədbir iştirakçıları!
Bu gün biz tariximizin ən şanlı səhifələrindən birini — Zəfər Gününü qeyd edirik. Bu gün təkcə hərbi qələbənin deyil, xalq birliyimizin, milli iradəmizin və ədalətin bərpasının rəmzidir. Bu Şanlı Zəfəri bizə yaşadan igid oğullarımızı, şəhidlərimizi və qazilərimizi dərin ehtiramla yad edirik. Onların fədakarlığı sayəsində bu torpaq yenidən azad nəfəs alır. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidməti kimi demək istəyirəm ki,: birliyimiz, həmrəyliyimiz və Vətənə sevgimiz bizim ən böyük gücümüzdür.
Hörmətli həmvətənlər, bu əlamətdar gündə İctimai Nəzarət Koalisiyasının 10 illik fəaliyyətinə də qısa nəzər salmaq istərdim. Bu illər ərzində Koalisiya cəmiyyətimizdə ictimai fəallığın artması, insanların məmur qorxusundan azad olunması və Prezidentimizin çağırışlarının geniş şəkildə təbliği istiqamətində mühüm işlər gördü.
Bəziləri soruşur ki, niyə 10 ildən sonra Koalisiyanın fəaliyyətinə xitam verildi. Hörmətli sədrin də vurğuladığı kimi, “biz üzərimizə düşən bütün vəzifələri yerinə yetirdik, bundan sonrakı mərhələ dövlətin və dövlət başçımızın səlahiyyətindədir.”
Təsadüfi deyil ki, 5 oktyabrda fəaliyyətə xitam verilməsindən qısa müddət sonra — 15 oktyabrda Vətənə xəyanət edənlərin ifşa olunması bir daha göstərdi ki, İNK zamanında yaranmış, zamanında da öz missiyasını tamamlamış bir təşkilatdır.
Mən artıq 9 ildir Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi ilə çiyin-çiyinə çalışıram — həm Mətbuat Xidmətinin əməkdaşı, həm də Multikulturalizm Departamentinin rəhbəri kimi.
İnanıram ki, bu illərin zəhməti və sədaqəti qarşılıqsız qalmayacaq — uğurlarımızın bəhərəsini həm xalqımızdan, həm də Uca Yaradanımızdan alacağıq.
Qoy bu günün Zəfər ruhu daim içimizdə yaşasın!
Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun Azərbaycan xalqına!