Hər şey “Tramp marşrutu” üçün: Sərhədin delimitasiyası Sünikə keçdi

Ermənistanla Azərbaycan arasında delimitasiya Sünikdə davam edə bilər.

Bu iddianı son rəsmi hesabatlara əsasən “Sputnik Ermənistan” irəli sürüb.

Ermənistan Xarici İşlər Nazirliyi bundan əvvəl məlumat vermişdi ki, 2025-ci il sentyabrın 5-də Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə iki ölkənin nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutub.

Bildirilib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalara uyğun olaraq, tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin delimitasiyası və minalardan təmizlənməsi, o cümlədən kommunikasiyaların yaradılması üzrə tədbirlərin sinxronlaşdırılması üçün zəruri infrastrukturun bərpası və tikintisi və onun həyata keçirilməsi müddətləri ilə bağlı məsələləri müzakirə ediblər.

“Sputnik Ermənistan”ın sorğusuna əsasən baş nazirin müavini Mher Qriqoryanın ofisi aydınlaşdırıb ki, Ermənistan və Azərbaycan nümayəndə heyətləri iki ölkənin sərhədyanı rayonlarına – Sünik vilayətinin cənub ərazilərinə və Zəngilan bölgəsinə səfər ediblər.

Delimitasiya, minalardan təmizləmə və infrastruktur işləri kontekstində hansı ərazilərin müzakirə edildiyi sualına birbaşa cavab verilməyib. Rəsmi açıqlamada yalnız “bu məsələlər müzakirə olunur” qeyd olunub.

2025-ci il yanvarın 16-da Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin başçılıq etdiyi komissiyaların iclasından sonra tərəflər delimitasiya işləri üçün yeni bölmə üzrə razılığa gəliblər. Daha sonra prosesin şimal hissəsindən – Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovşağından başlaması, daha sonra isə cənub istiqamətində – Ermənistan və Azərbaycanın İranla sərhədinə qədər davam etməsi qərara alınıb.

“Belə ki, əvvəlcə delimitasiyanın Tavuşda davam etdirilməsi nəzərdə tutulurdusa, indi bu məsələ “müzakirə mərhələsində” kimi təyin olunub. Baş nazirin müavinlərinin Sünik və Zəngilana səfər etdiklərini nəzərə alsaq, “Tramp marşrutu” çərçivəsində əsas diqqətin cənub sərhədlərinin dəqiqləşdirilməsinə yönəldiyini güman etmək olar”, – məlumatda deyilir.