Avropa liderləri Ukrayna ilə Rusiya arasında 40 kilometrlik bufer zona yaradılması ideyasını müzakirə edirlər.
Bu barədə “Politico” məlumat yayıb. Bildirilib ki, bu təşəbbüs sülh sazişi və ya atəşkəs mexanizminin tərkib hissəsi ola bilər.
Layihəyə əsasən, zonanın təhlükəsizliyini təmin etmək üçün 4 mindən 60 minədək hərbçi yerləşdirilməsi nəzərdə tutulur. Əsgərlərin böyük hissəsinin Ukrayna tərəfindən təmin olunacağı, Avropa ölkələrinin isə əlavə dəstək göstərə biləcəyi deyilir.
Məsələ Avropa daxilində fikir ayrılığı yaradıb. Fransa və Böyük Britaniya missiyada liderlik etməyə hazır olsa da, bəzi ölkələr ehtiyatlı mövqedən çıxış edir.
Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış bildirib ki, “istəklilər koalisiyası”na daxil olan ölkələr Ukraynaya qoşun göndərilməsi məsələsində ortaq razılığa gələ bilmirlər. Onun sözlərinə görə, bəzi dövlətlər, xüsusilə Fransa, öz hərbçilərini Kiyevə göndərmək niyyətindədir. Lakin Polşa və NATO-nun şərq cinahına daxil olan digər ölkələr bu addımı atmaq istəmədiklərini və belə bir planlarının olmadığını bəyan ediblər.
“Atlantic” yazır ki, Rusiya prezidenti Vladimir Putinin bağlı qapılar arxasında amerikalılara nə vəd etdiyi və ABŞ rəsmilərinin Moskva ilə müzakirələrdən nə əldə etdiyi Avropa rəsmilərini çaşdırır.
ABŞ bu müzakirələrdə aktiv rol oynamır, yalnız kəşfiyyat və məhdud hava dəstəyi ilə prosesə cəlb oluna biləcəyi ehtimal olunur.




