Yunanıstanın müxalifət partiyası Radikal Sol Alyans (SYRIZA) İstanbulda keçirilən Türkiyə-İtaliya-Liviya Əməkdaşlıq Sammitini Yunanıstan hökuməti üçün diplomatik uğursuzluq kimi qiymətləndirib.
Partiya bu barədə yazılı açıqlama verib.
Açıqlamada qeyd olunub ki, bu sammit Baş nazir Kiriakos Mitsotakis hökumətinin xarici siyasətdə ardıcıl uğursuzluqlarının davamıdır. Bildirilib ki, Yunanıstan hökuməti bölgədə baş verən proseslərdən təcrid olunub, Türkiyə isə regionda həlledici roldadır.

SYRIZA Mitsotakis və İtaliya Baş naziri Corciya Meloni arasında keçirilmiş əvvəlki görüşlərə toxunaraq, İtaliyanın Türkiyə və Liviya ilə birbaşa məsləhətləşmələr aparmasının Yunanıstanın arxa planda qaldığını göstərdiyini vurğulayıb.
Partiya həmçinin hökuməti Şərqi Aralıq dənizi ilə bağlı milli strategiya hazırlamağa və Avropa İttifaqının Liviya məsələsində fəallaşması üçün addımlar atmağa çağırıb.

Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Rena Dourou isə bildirib ki, Afina hökuməti Türkiyənin güclənməsini sadəcə müşahidə edir və passiv siyasət yürüdür. Onun sözlərinə görə, Miçotakis hökuməti nə tələb edir, nə də suveren hüquqları qorumaq üçün konkret addım atır.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sammit çərçivəsində İtaliya Baş naziri Corciya Meloni və Liviya Müvəqqəti Hökumətinin sədri Əbdülhəmid Dbeibanı rəsmi mərasimlərlə qəbul edib. Görüşlərdə xarici işlər naziri Hakan Fidan, MİT rəhbəri İbrahim Kalın və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.




