Əfsanə üçün son şans: “Hubble” teleskopunu xilas etmək üçün riskli missiya

0
22

35 il əvvəl “Hubble” teleskopu “Discovery” şatlı ilə orbitə buraxılıb. Ancaq əsas güzgüsündəki qüsur səbəbindən görüntülər bulanıq olub və layihə təhlükə altına düşmüşdü.

Məlumata görə, 1993-cü ildə astronavtlar orbitdə aparılan təmir əməliyyatı ilə bu problemi aradan qaldıraraq “Hubble”a ikinci həyat veriblər.

Sonrakı illərdə teleskopa beş dəfə texniki xidmət göstərilib, vacib avadanlıqlar yenilənib. Lakin yaşlanma öz təsirini göstərir: ötən il “Hubble” yalnız bir giroskopla işləməyə başlayıb, hədəfləri dəyişmək üçün daha çox vaxta ehtiyac duyur.

Bundan başqa, teleskopun orbiti Yer cazibəsi səbəbindən azalır: 1990-cı ildə 610 km olan orbit hazırda 525 km-ə düşüb. Müdaxilə olunmasa, 10 ilə atmosferdə yanacaq.

2022-ci ildə milyarder Cared Ayzekman “Hubble”ı “Falcon 9” raketi və “Dragon” kapsulu ilə təmir və orbitə qaldırma missiyası təklif edib. NASA bu ideyanı araşdırsa da, risklər səbəbindən 2024-cü ildə imtina edib. Lakin vəziyyət pisləşərsə, agentlik yenidən bu ideyaya qayıda bilər.

Hazırda ABŞ Prezidenti Donald Tramp Ayzekmanı NASA rəhbərliyinə namizəd göstərib. Əgər təsdiqlənsə, “Hubble”ın xilas missiyası yenidən gündəmə gələcək.

Ayzekman özü də missiyanı maliyyələşdirməyə hazır olduğunu bildirib.