Erməniəsilli şahid Vardanyanın Azərbaycana qarşı məkrli planlarını İFŞA ETDİ

0
20

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesində Qarabağda yaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç şahid qismində ifadə verib.

Şahid ifadəsində bildirib ki, Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra 44 günlük müharibədə Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində onun maliyyəsi ilə minalanma işləri aparılıb.

Eduardoviçin sözlərinə görə, Vardanyanın maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında 2, Əsgəranda isə 1 ədəd olmaqla, ümumilikdə 3 hərbi anbar yaradılıb.

O, həmin anbarların yerləşdiyi yerə gedən yolu silahlı şəxslərin mühafizə etdiyini bildirib. Həmin anbarlarda Ermənistan ordusu, Qarabağdan seçilmiş hərbçilər fəaliyyət göstəriblər. Anbarlara Ruben tərəfindən Qarabağa gətirilmiş xeyli sayda silah və döyüş sursatı, habelə pilotsuz kvadrakopterlər və digər pilotsuz uçuş aparatları toplanıb. Bu barədə Xankəndidə çox adamın məlumatı olub və Ruben Vardanyan tərəfindən bütün erməni sakinlərin silahlanaraq azərbaycanlılara qarşı vuruşması təbliğ edilib. Ruben Vardanyanın bu silahlı dəstələri yaratmaqda məqsədi Azərbaycana qarşı mübarizə aparmaq olub.

O qeyd edib ki, həmin minalar Laçın yolu ilə Ermənistandan Qarabağa gətirilib.

“Xankəndidə yaşayan ermənilər də Qarabağ ərazisində minalanma işlərinin Ruben Vardanyan gələndən sonra geniş vüsət aldığını biliblər. Məktəblərdə, binaların ətrafında, meşələrdə və boş ərazilərin yaxınlığında həmin minalarla bağlı məlumat xarakterli plakatlar yerləşdirilib. Halbuki 44 günlük müharibəyə qədər minalarla bağlı heç bir plakat olmayıb”, – deyə şahid əlavə edib.

Məhkəmə prosesi martın 18-də davam etdiriləcək.