Oruc tutarkən hansı davranışlardan çəkinmək lazımdır?

0
11

“Ramazan ayında oruc tutarkən yalnız ac və susuz qalmaq kifayət deyil. Çünki Ramazan orucunun əsas fəlsəfəsi insanın öz nəfsini tərbiyə etməsi, canını çəkdiyi şeylərdə özünü saxlaya bilməsidir”.

Bu fikirləri açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, ilahiyyatçı Elvüsal Məmmədov deyib.

İlahiyyatçı vurğulayıb ki, insan oruc tutmaqla nəfsini tərbiyə edir, mənəvi saflaşır:

“Biz bir ay ərzində oruc tutmaqla Allahın müəyyən əmrlərinə itaət edirik, qadağalarından çəkinirik. Bir aylıq tərbiyə prosesi bizdə mütləq ki, dəyişiklik yaradacaq. Orucun insan üzərində mənəvi təsirinin baş verməsi üçün bəzi hərəkətlərdən çəkinməliyik.

Obrazlı ifadə ilə desək, biz dilimizlə də oruc tutmalıyıq. Yəni Ramazan ayında yalan danışmaqdan, qeybət etməkdən, söz gəzdirməkdən, söz atmaqdan, şirk qoşmaqdan və bunun kimi xoşagəlməz əməllərdən uzaq olmalıyıq. Peyğəmbərimiz buyurur ki, yalan danışmağı və saxtakarlıq etməyi tərgitməyənin yemək və içkini tərgitməsinə Allahın ehtiyacı yoxdur. Mənbələrdə qarşımıza belə bir hədis çıxır: “Oruc tutmaq yemək və içməyi tərgitmək deyil, əksinə, pis söz danışmaqdan və buna oxşar hərəkətlərdən çəkinməkdir. Əgər birisi sizə sataşarsa və ya sizə qarşı nadanlıq edərsə, ona bildirin ki, oruc tutmusunuz.

Bundan başqa, biz gözümüzlə oruc tutmalıyıq. Yəni gözlə edilən günahlardan uzaq qalmalıyıq. Harama baxmamalıyıq.

Qulağımızla oruc tutmalıyıq. Yəni qeybət dinləməməliyik. İslamın bəyənmədiyi musiqi formalarına qulaq asmamalıyıq. Eləcə də ac və susuz qalmaq üçün günümüzü yatmaqla keçirməkdən, filmlərə baxmaqdan yayınmalıyıq. Çalışmalıyıq ki, Quran oxuyaq, dua edək, əlavə namazlar qılaq və bunlara diqqət yetirək. Bundan əlavə, mübahisələrdən çəkinmək lazımdır. İctimai nəqliyyatda və ya şəxsi avtomobili idarə edərkən baş verən xoşagəlməz halların yaratdığı gərginliklə mübarizə apararaq daxilən sakit olmağa çalışmalıyıq. Belə olduğu təqdirdə, orucun mənəvi təsirini özümüzdə hiss edəcəyik”.