26 fevral 2025-ci il tarixdə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə İttifaqın Mustafa Mərdanov səhnəsində “Günay” Uşaq Teatrının “Xocalı” tamaşası göstərildi. Tamaşa Zərəngiz Mansurovanın “Cavab ver!” poeması əsasında hazırıanıb.
Tamaşadan əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqının Sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov, “Günay” Uşaq Teatrının bədii rəhbəri Larisa Tarusova və əsərin müəllifi Zərəngiz Mansurova tamaşaçılar qarşısında çıxış edərək Xocalı faciəsindən, onun törətdiyi dəhşətlərdən danışdılar. Xöcalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra gənc aktyorların ifasında “Xocalı” tamaşası göstərildi.
Tamaşa Bakı Dövlət Universitetinin tələbəsi, cəbhəyə könüllü getmiş və qəhrəmancasına şəhid olmuş Fuad Əsədovun “Komandirə məktub” şeiri ilə başladı.
Gənc aktyorların məharətlə ifa etdikləri obrazlar və ümumilikdə tamaşa tamaşaçılar tərəfindən dərin rəğbətlə qarşılandı.
Tədbirdə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri, Sabitlik və İnkişaf Mərkəzinin rəhbəri, ictimai xadim Rasim Məmmədov və kollektivin bir çox üzvləri iştirak etmişlər. Rasim Məmmədov Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin və İctimai Nəzarət Koalisiyasının Mətbuat xidmətinin rəhbəri Sənubər Qasımovanı, Müasir Media saytının rəhbəri, DAMM üzvü Gülər Bəhrəmova, Yazıçı publisist Valeh Mirzə, İNK-nın Səhiyyə Departamentinin rəhbəri Rafat Əliyevi və bir çox digər üzvləri fəxri fərmanlarla təltif etdi. Xalq artistləri Sadıq Sərbəliyev, Eldost Bayram və təşkilatın fəxri üzvləri Zahid Rəhimov, Akif Rəhimzadə və digər şəxslər də tədbirdə iştirak etdilər.









