“Xarı Bülbül” bu ölkədə çiçək açdı – FOTO

0
14

Azərbaycanın İspaniya Krallığındakı Səfirliyinin təşəbbüsü ilə 2023-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə İspaniyanın Madrid Kral Nəbatat Bağına (Real Jardín Botánico de Madrid) hədiyyə edilmiş “Xarı bülbül” gülü çiçək açıb.

Azərbaycanın İspaniyadakı səfirliyindən bildirilib ki, Vətən müharibəsindəki qələbənin simvolu, Qarabağın rəmzinin qürbətdə çiçək açması əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycanın sülhə sadiqliyinin və İspaniya ilə dərin mədəni əlaqələrinin təntənəsidir.

Azərbaycan xalqının zəngin mədəniyyətinin, şərəfli tarixi və əzmkarlığının təcəssümü olan “Xarı bülbül” gülünün çiçəklənməsi Kral Nəbatat Bağının elmi işçiləri və burada çalışan mütəxəssislər arasında böyük maraq və sevinclə qarşılanıb.

“Xarı bülbül”ü “Azərbaycanın füsunkar təbiətinin Madriddəki bir parçası” kimi xarakterizə edən Kral Nəbatat Bağının direktoru María-Paz Martín Esteban səfirliklə əlaqə saxlayaraq bu xoş xəbəri bölüşüb və qeyd edib ki, valehedici zərifliyə malik “Xarı bülbül” gülünün çiçəkləməsi nəbatat bağının bu il qeyd olunan 270-ci yubileyi üçün ən gözəl hədiyyələrdən biridir və botanika bağının ecazkar eksponatlarından hesab olunur. Onun sözlərinə görə, “Xarı bülbül” gülü rəsmi olaraq botanika kataloqunda xüsusi güllər bölməsində qeydiyyata alınacaq.

“Öz gözəlliyi, zərifliyi və unikallığı ilə hər kəsi heyran etmiş bu gülün məhz indi çiçək açması sanki 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları və onların havadarlarının xalqımıza qarşı törətdikləri dəhşətli faciənin – bəşəriyyət tarixində ən ağır cinayətlərdən biri olan Xocalı soyqırımının 33-cü anım ildönümünün və bu faciənin qurbanlarının əziz xatirələrinə hörmət və ehtiramın təzahürüdür. Şübhəsiz ki, bu hadisə həm də, Cənubi Qafqaz regionunda uzun illərdən bəri gözlədiyimiz sülh və əmin-amanlıq carçısı kimi erməni işğalından azad edilmiş torpaqlarımıza geri qayıdan soydaşlarımızın sevincini, həyat eşqini və gələcəyə ümidlərini əks etdirir”, – deyə səfirliyin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, bitki xüsusiyyətləri nəzərə alınaraq, “Xarı bülbül” gülü nəbatat bağında səhləbkimilər fəsiləsinin digər növlərinin yetişdirildiyi xüsusi istixanada saxlanılacaq və yaz ayları ərzində nəbatat bağının ziyarətçiləri, Madrid şəhərinin sakinləri və ölkəyə səyahət edən qonaqlar üçün nümayiş olunacaq.

Xatırladaq ki, Kral Fernando VI tərəfindən 17 oktyabr 1755-ci il tarixində verilmiş sərəncamla Manzanares çayı yaxınlığında yaradılmış İspaniyanın Kral Nəbatat Bağı möhtəşəm biomüxtəlifliyi bir araya gətirən canlı muzeydir. Bağ sonradan 1781-ci ildə hazırkı yerinə – Təbiət Elmləri Muzeyinin yanındakı “Paseo del Prado”ya köçürülüb. Bağda dünyanın bir çox regionlarından 5500-dən çox flora nümunəsinə rast gəlmək olar.