Yunanıstanın Santorini adası ətrafında seysmik aktivlik davam edir.
Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun (KRDAE) direktoru Nurcan Meral Özəl 7,7 bal gücündə ola biləcək zəlzələ ilə bağlı açıqlamalar verib.
Özəl Egey dənizində son bir həftədəki seysmik aktivliyə də toxunub:
“Zəlzələ və vulkan meydana gətirmə potensialına malik olan təkanları 7/24 yaxından izləyirik. 1-6 fevral tarixləri arasında bölgədə 1260 zəlzələ baş verib. Dəniz və qərb sahillərimizdə böyük zəlzələ baş verərsə, sunami xəbəri hazırlanaraq Kandilli Rəsədxanasından AFAD-a göndəriləcək. Egey dənizində 7,5 və ya 7,7 bal gücündə zəlzələnin sunamiyə səbəb olacağı təqdirdə dalğaların Türkiyə sahillərinə çatması təxminən bir saat çəkəcək. Dəniz suyu yarım metr ilə bir metr arasında yüksələ bilər”.
Mütəxəssislər tez-tez baş verən yeraltı təkanlar səbəbindən sürüşmə təhlükəsinə diqqət çəkərək, rayon sakinlərini diqqətli olmağı xahiş ediblər.
Bildirilib ki, Santorini 10 gün ərzində 7700-dən çox kiçik zəlzələ ilə silkələnib.
Mümkün güclü zəlzələdən qorunmaq üçün adaya əlavə əsgərlər, polis və yanğınsöndürənlər göndərilib.