Bu gündən qüvvəyə mindi: Rusiyada miqrantların “qara günləri” başladı

0
10

Rusiyada bu gün, fevralın 5-də daxili işlər orqanlarına ölkədə qanunsuz yaşayan miqrantları məhkəmə qərarı olmadan deportasiya etməyə icazə verən qanun qüvvəyə minib.

Müvafiq dəyişikliklər 2024-cü ilin avqustunda “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” Federal Qanuna edilmişdi.

Bundan əlavə, fevralın 5-dən Rusiyada “nəzarət olunan şəxslərin reyestri” fəaliyyətə başlayacaq. Bu, Daxili İşlər Nazirliyinin ölkədə qanunsuz olan əcnəbilərin məlumat bazasıdır.

“İşəgötürənlər, fiziki şəxslər, dövlət qurumları, dövlət qurumlarının əməkdaşları bundan istifadə edə biləcəklər. Xarici ölkə vətəndaşı ilə bağlı hər hansı hərəkəti etməzdən əvvəl onu bu reyestrdə yoxlamaq lazım gələcək. Əgər onun adı bu siyahıdadırsa, bu o deməkdir ki, qanunsuz olaraq buradadır”, – deyə daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy bildirib.

Ölkədə olan qeyri-qanuni immiqrantlar Rusiyada nikahlarını rəsmi qeydiyyatdan keçirə bilməyəcəklər. Onlara bizneslə məşğul olmaq, daşınmaz əmlak, nəqliyyat və ya digər əmlak almaq, avtomobil sürmək icazəsi verilmir. Bank hesabları açmaq və pul köçürmək də qadağandır.