NASA alimləri ilk dəfə nəhəng qara dəlikdən gələn səs dalğalarını insan qulağının eşidə biləcəyi audioyazıya çeviriblər. Bu “kosmik konsert” “Chandra” rentgen rəsədxanasından əldə edilən məlumatlar sayəsində mümkün olub.
Bildirilir ki, “Perseus” qalaktika toplusunun mərkəzində yerləşən qara dəlik Yerdən 250 milyon işıq ili məsafədə yerləşir, lakin onun “səsini” indi eşitmək mümkündür. Qara dəlikdən yayılan səs dalğaları hələ 2003-cü ildə aşkar edilib, lakin onların tezliyi o qədər aşağı olub ki, insan qulağı onları qəbul edə bilmirdi.
Alimlər onları dinləmək üçün tezliyi 58 oktava yüksəldiblər. Nəticədə, tədqiqatçıların sözlərinə görə, “təkcə qorxuducu deyil, həm də bir qədər şeytani” səslənən dəhşətli ulamaya bənzər melodiya yarandı.
“Bu, qara dəliyin səs dalğalarını əldə edə bildiyimiz ilk haldır”, – deyə tədqiqatçılar qeyd ediblər.