Sirli Sanberi həlqələri: 1500 illik müəmma alimlər tərəfindən açıldı

0
12

Avstraliya alimlər qrupu Melburn şəhərinin Sanberi ərazisində yerləşən sirli böyük torpaq həlqələrinin mənşəyinə aydınlıq gətirib. Müəyyən olunub ki, bu unikal strukturlar təxminən 1500 il əvvəl aborigenlər tərəfindən yaradılıb.

Bu barədə tədqiqatın nəticələri “Australian Archaeology” (“AustArch”) jurnalında dərc olunub.

Bildirilir ki, dairəvi torpaq qurğuları voyvurranq dilində danışan yerli vuruntyeri xalqı tərəfindən inşa edilib. Alimlər 1970-ci illərin sonunda Sanberidə aparılan qazıntılar zamanı aşkar edilmiş 166 daş artefaktın tarixini müəyyən ediblər. Məlum olub ki, voyvurranq qrupuna aid olan tayfalar, o cümlədən vuruntyerilər bu həlqələri eramızın VI-XV əsrləri arasında yaradıblar.

Həlqələrin yaradılması prosesi əməktutumlu olub və müqəddəs əhəmiyyət daşıyıb. Aborigenlər torpağı bitkilərdən təmizləyib və daş və torpaqdan dairəvi təpə düzəldirdilər. Bu qurğuların içərisində ritual tonqallar yandırılır və lələklərdən bəzək əşyaları hazırlamaq və çapıqlanma daxil olmaqla inisiasiya mərasimlərinin keçirilməsi üçün istifadə olunan daş alətlər hazırlanırdı.

Tədqiqatçıların qiymətləndirmələrinə görə, keçmişdə Avstraliya ərazisində bu cür yüzlərlə torpaq həlqəsi mövcud olub, lakin onların əksəriyyəti Avropa kolonizasiyası və torpaqların mənimsənilməsi zamanı məhv edilib. Yaşıl qitənin yerli xalqlarının zəngin mədəniyyətinin qiymətli şahidləri olan bu qədim qurğulardan bu günümüzə qədər yalnız təxminən 100-ü qorunub saxlanılıb.