Fransanın Xarici Kəşfiyyat Xidmətinin (DGSE) fiaskoya uğrayan əməliyyatları gündəmdən düşmür.
Son iki ildə DGSE-nin həyata keçirdiyi əməliyyatların ifşa edilməsi Fransada xarici kəşfiyyata olan inamı getdikcə azaldır. Kəşfiyyat xidmətinin adı yeni qalmaqala qarışıb.
50 milyon avro qarşılığında Qəddafiyə xidmət
Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin Liviyanın öldürülən prezidenti Müəmmar Qəddafidən pul alması işində DGSE-nin adı hallanır. Hazırda məhkəmə Sarkozinin 2007-ci ildə seçki kampaniyası üçün Qəddafidən qeyri-qanuni şəkildə pul alması faktlarını araşdırır. Söhbət 50 milyon avrodan gedir.
Qlobal kəşfiyyat məlumatları üzrə ixtisaslaşmış “İntelligence Online (İO)” portalının əldə etdiyi məlumata görə, Sarkozinin Qəddafidən pul alması prosesini DGSE həyata keçirib.
“DGSE Qəddafini Sarkozinin seçki kampaniyasını maliyyələşdirməyə inandırıb. Daha sonra Yelisey sarayında iki liderin görüşünü təşkil edib. 50 milyon avroluq dəstəyin qarşılığında DGSE Liviyada Qəddafi hakimiyyətinə kəşfiyyat məlumatlarının toplanması və müxalifətə qarşı mübarizədə dəstək verib”, – kəşfiyyat məlumatında bildirilir.
Fransa casuslarının ifşası
DGSE-nin son bir ildə Myanmadakı kəşfiyyat fəaliyyəti ifşa edilib. Məlumatlara görə, Myanma İttifaqı Respublikasında Fransaya məxsus özəl təhlükəsizlik firmasında çalışan üç şəxs bir il öncə həbs edilib. Həbs edilən şəxslər DGSE-nin casuslarıdır və onların əsas işi Myanmanın şimalındakı Laukkai şəhərində məlumatların toplanması olub.
Ukraynada uğursuzluq
DGSE-nin Fransadan Ukraynaya göndərilməsi planlaşdırılan anti-PUA və anti-dron sistemlərinin Kiyevə çatdırılmasında uğursuzluğa düçar olduğu ortaya çıxıb. Məlumatlara görə, Fransa ordusunun təlim keçdiyi Ukraynanın 155-ci alayına silah və sursat dəstəyinin verilməsi DGSE-yə həvalə edilib. Silahların Parisdən Kiyevə çatdırılması prosesi həyata keçirilsə də, hər dəfə göndərilən silahlar gözləniləndən əskik olub, silahların müəyyən hissəsi yolda “yoxa çıxıb”. Nəticədə tam təchiz edilməyən 155-ci alat Rusiya PUA-ları və dronlarına qarşı mübarizə apara bilməyib.
Casusun etirafı
2024-cü ilin sentyabr ayında İranda turizm şirkəti işlədən və DGSE-yə casusluq edən Bernard Phelan həbs olundu. O etiraf edib ki, “İranın şimalında Vəkilabad həbsxanasında olduğu müddətdə DGSE onunla maraqlanmayıb və bir neçə dəfə uğursuz addımlar atıb”.
Bakıdan başlanan məğlubiyyət
Fransa kəşfiyyatının ən böyük fiaskosu Bakıda yaşanıb. Azərbaycan xüsusi xidmət orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində DGSE-nin Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadaya qədər uzanan casus şəbəkəsi ifşa edildi, o cümlədən, ölkəmizdəki casusları qanun qarşısına çıxarıldı. Bu, Fransa kəşfiyyatının ən böyük uğursuzluğundan biri hesab olunur. Azərbaycan kəşfiyyatının genişmiqyaslı ifşa əməliyyatı Avropa mediasında böyük qalmaqala səbəb olmuşdu. Göründüyü kimi, Makronun kəşfiyyat xidməti biabırçı fəaliyyəti ilə gündmdən düşmür.