Quyudakı Rusiya Əliyevin Ermənistana xəbərdarlığından xilasedici kəndir hörməyə çalışır

0
25

Rusiya səmasında vurulan və Aktauda qəzaya uğrayan AZAL təyyarəsinə görə Azərbaycana maddi-mənəvi borclu olan Rusiya, Prezident İlham Əliyevin Ermənistana xəbərdarlığından öz nicatı üçün xilasedici kəndir düzəltməyə çalışır. Buna səbəb son illər Qərbin göz görə-görə Ermənistanı Rusiyanın caynağından qoparması, onu öz keçmiş ağasına qarşı qoymasıdır.

Məlum olduğu kimi, rəsmi İrəvanın 44 günlük müharibədəki məğlubiyyətini Rusiyanın ayağına yazmasından sonra, Ermənistan öz tarixi himayədarından uzaqlaşmağa qərar verdi. İrəvan Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı, rus hərbçilərini Ermənistan sərhədlərinin mühafizəsindən kənarlaşdırdı. Paşinyan hakimiyyətinin “xeyir-duası” ilə ölkədə geniş anti-Rusiya təbliğatına start verildi ki, bu da Kremlə rəqabət şəraitində olan Qərbin Ermənistanda möhkəmlənməsini təmin etdi. Avropa İttifaqının monitorinq missiyasının timsalında Qərbin Cənubi Qafqazda yarıhərbi mövcudluğu bərqərar oldu. Bu gün Qərbdəki bəzi dairələrin çətiri altına sığınan Ermənistan, faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini də dondurmuş vəziyyətdədir. Paşinyan öz açıqlamalarıdna Rusiyanın liderlik etdiyi KTMT-ni heç nəyə yaramayan gərəksiz qurum adlandırır ki, bu da Kremlin İrəvana olan qəzəbini daha da artırır. Bununla yanaşı, Moskva başa düşür ki, siyasi-iqtisadi və hərbi baxımdan ciddi güc itirdiyi bir məqamda Ermənistanın KTMT-dən çıxması Rusiya üçün əlavə problem, ciddi nüfuz itkisi olacaq. Bu səbəbdən də Moskva bu prosesi əngəlləməyə, İrəvanı KTMT-nin bütün üzv dövlətlər kimi Ermənistan üçün də gərəkli olduğu fikrinə inandırmağa çalışır. Ötən gün Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin verdiyi bəyanat bunu bir daha sübut edir.

Medvedevin KTMT-ni Ermənistana yenidən sırımaq cəhdi…

Xatırladaq ki, Prezident İlham Əliyev yerli telekanallara verdiyi 7 yanvar tarixli müsahibəsində Ermənistanın ünvanına ciddi xəbərdarlıq ünvanlayıb, onu revanşist niyyətlərdən uzaq olmağa səsləyib. Bu amilə diqqət çəkən Medvedyev, kinayəli şəkildə məlum xəbərdarlıqdan sonra Paşinyanın Ermənistanın KTMT-ə üzv olduğunu xatırlayacağını bildirib.

Medvedyevin bununla Paşinyana hansı mesaj verdiyi açıqdır. Rusiya rəsmisi Paşinyana xatırlatmağa çalışır ki, Cənubi Qafqazda yeni bir müharibənin baş vermə ehtimalı mövcuddur və KTMT Ermənistanın bu müharibədə döyə biləcəyi yeganə qapı ola bilər.

Azərbaycanın hədəsinə möhtac qalan Rusiya…

Göründüyü kimi, quyudakı Rusiya Prezident Əliyevin İrəvana  hədəsindən öz maraqları naminə istifadə etməyə, bundan sonra da Ermənistan üçün gərəkli ola biləcəyi fikrini təlqin etməyə çalışır. Bu, Rusiyanın Azərbaycanın nəinki tərifinə, hətta hədəsinə belə möhtac qaldığını, Ermənistan kimi zəif, iqtidarsız dövləti belə formal da olsa yanında görməyə ehtiyac duyduğunu göstərir.

Bəs yeni bir qarşıdurma olarsa, KTMT həqqiətən də Ermənistanı xilas edə bilrrmi? Bu suala cavab vermək üçün 2020-ci ilin Vətən müharibəsini yada salmaq kifayətdir. Hansı ki, o vaxt da KTMT və Qərbin dəstəyinə ümid edən Ertmənistan döyüş meydanında öz məğlubiyyəti ilə tək qaldı. Və əminliklə demək olar ki, Azərbaycan əsgəri bu dəfə də Ermənistanın qapısını döyəndə, İrəvanın üzünə heç bir qapı açılmayacaq.