22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək

0
16

Qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından 4-nün cəsədinin ölkəyə gətirilməsi və dəfn olunması ilə bağlı zəruri tədbirlər görülüb.

Bu barədə bu gün təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclasında bildirilib.

Həlak olmuş digər 22 şəxsin cəsədlərinin məhkəmə-tibbi ekspertiza və digər zəruri tədbirlər bitdikdən sonra tezliklə ölkəmizə gətirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib.

Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlar aparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruri tədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekun nəticələr açıqlanacaq.