Avropada inqilabi nəqliyyat vasitəsi kimi görülən elektrikli uçan taksilər maliyyə çətinlikləri səbəbindən gözlənilən sürətlə inkişaf edə bilmir. Xüsusilə Almaniyada fəaliyyət göstərən “Volocopter” və “Lilium” kimi şirkətlər ciddi nağd pul problemi ilə üzləşirlər.
Volocopter builki Paris Olimpiadasında iki nəfərlik elektrikli “VoloCity” təyyarəsini buraxmağı planlaşdırırdı. Lakin bu vizyonu həyata keçirmək mümkün olmayıb.
Şirkət aprel ayında Almaniya hökumətindən 100 milyon avro kredit almaq üçün cəhdlər edib, lakin bu cəhdi uğursuz olub.
İndi “Volocopter” Çin avtomobil istehsalçısı “Geely”nin 95 milyon dollarlıq sərmayə müqabilində şirkətdə 85 faiz pay alacağını gözləyir. “Bloomberg”in məlumatına görə, bu razılaşma əldə olunarsa, gələcək istehsal Çinə keçə bilər.
Uçan taksilərin ilk marşrutlarının hava limanları və şəhər mərkəzləri arasında olması gözlənilir. Ancaq gəlirliliklə bağlı ciddi narahatlıqlar var. Batareyaların tez-tez dəyişdirilməsi və pilot xərcləri əməliyyat xərclərini artırır.