Azərbaycanda çoxuşaqlı ailələrin sayı açıqlanıb

0
81

Azərbaycanda yeddi və daha çox uşaq sahibi olan 6 837 ailə var.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, ev təsərrüfatları haqqında məlumatlar hər on ildən bir keçirilən əhalinin siyahıyaalınması zamanı əldə edilir. 2019-cu ildə keçirilmiş əhalinin son siyahıyaalınmasının yekun məlumatlarına görə, 18 yaşadək uşağı olan ev təsərrüfatlarının uşaqların sayına görə bölgüsü məlum olub.

Belə ki, ölkədə 1 milyon 347 min 534 uşaqlı ailə var. Onların 725 min 615-i şəhər yerlərində, 621 min 919-u isə kənd yerlərində yaşayır.

Biruşaqlı ailələrin sayı 422 989-dur, onlardan 241 min 234-ü şəhər yerlərində, 181 min 755-i kənd yerlərində yaşayır.

İkiuşaqlı ailələrin sayı 557 min 814-dür, onlardan şəhərdə yaşayanların sayı 295 min 884, kənddə yaşayanların sayı isə 261 min 930-dür.

Üçuşaqlı ailələrə gəlincə, bu kateqoriyaya daxil olan ailələrin 132 min 957-si şəhər yerlərində, 123 min 304-ü kənd yerlərində yaşayır.

Son rəqəmlərə görə, Azərbaycanda 71 min 151 dörduşaqlı ailə var. Onların 37 min 58-i şəhər yerlərində, 34 min 93-ü kənd yerlərində yaşayır. Həmçinin şəhər yerində yaşayan 11 min 313, kənddə yaşayan 11 837, yəni ümumilikdə 23 min 150 ailə beşuşaqlıdır.

Altı uşağı olan ailələrə gəlincə, 9 332 ailə bu kateqoriyadadır. Onların 4 338-i şəhər yerlərində, 4 994-ü isə kənd yerlərində yaşayır.

Sorğuya cavab olaraq, həmçinin 7 və daha çox uşağı olan ailələrin sayı da bildirilib. Belə ki, ölkədə 6 837 ailə yeddi və daha çox uşaqlı ailələr arasında yer alır. Onların 2 831-i şəhər yerlərində, 4 006-sı isə kənd yerlərində yaşayır.