Azərbaycanda toy və yaslarda xüsusi menyu olacaq?

0
49

Son günlər ölkədə, xüsusilə də bir sıra bölgələrdə toy və yas mərasimlərində zəhərlənmələrin sayı artıb.

Son hadisələrdən biri də Qəbələdə toyda kütləvi zəhərlənmə faktı olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, avqustun 15-də Qəbələ şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində iştirak edən şəxslərdən 55-nin qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı Qəbələ rayon prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə şadlıq evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Digər bir hadisə isə Gəncədə yas mərasimində qeydə alınmışdı ki, burada da 40 nəfər qidadan zəhərlənib.

Qeyd edək ki, mərasimlərdə bu kimi hadisələr ardıcıl xarakter alıb. Toy və yas mərasimlərində baş verən zəhərlənmələr bu problemin həllini zəruri edir.

İnzibati üsulla və təsdiqlənmiş menyu ilə bu problemin həlli mümkündürmü?

VI çağırış Milli Məslisin deputatı Fazil Mustafa “Cebheinfo.az”-a bildirib ki, bu, özəl sektorla bağlı məsələdir:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu sahədə çox ciddi yoxlamalar, araşdırmalar aparır. Təbii ki, bütün hamını nəzarətdə saxlamaq mümkün deyil. Ancaq bu sahədə müəyyən işlər tənzimlənir.

Xüsusi menyunu necə müəyyən etmək olar? Gedib hər restoranın mətbəxinə girib orada qayda-qanun yaratmaq imkanı yoxdur. Burada sahibkarların məsuliyyəti artıq olmalıdır ki, ən azı köhnəlmiş məhsulları vətəndaşlara təqdim etməsinlər. Bu, hər hansı problemlərin yaşanmasına səbəbə olarsa, məsuliyyət daşıyırlar. Bu, xüsusilə də rayon yerlərində hiss olunmağa başlayır.

Əslində hər kəs öz məsuliyyətini hiss etməlidir. Olduğu sahədə problemlərə, xidmətə daha ciddi yanaşmalıdırlar”.