Ermənistan üçün vəd olunan “qaynar payız”: İrəvan düşdüyü labirintdən necə çıxa bilər?

0
52

Ermənistanda daxili siyasi vəziyyət qeyri-sabit olaraq qalır. Müxtəlif dairələr və fiqurlar Nikol Paşinyan hakimiyyətinə qarşı çıxışlarını davam etdirirlər. Bu özünü fərqli müstəvilərdə və təzahürlərlə açıq göstərir.

Belə bir şəraitdə yerli KİV-də məlumat yayılmışdı ki, Ermənistanda, az qala, “xalq qəhrəmanı” kimi xarakterizə edilən keşiş Baqrat Qalstanyan Qarabağ ermənilərinin “lideri” ola bilər. Həmin iddiada Baqratın Qarabağdan könüllü köçmüş ermənilərin Azərbaycanla birbaşa danışıqlar aparmasına “liderlik” etməsinin mümkünlüyü də vurğulanıb. Əslində bu, absurd yanaşmadır.

Nəzərə almaq lazımdır ki, rəsmi Bakı daha əvvəl bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul edən, azərbaycanlılara qarşı cinayət törətməmiş ermənilər vətəndaşlıq almaq şərti ilə geri qayıda bilərlər. Keşiş Baqrat isə bu “kriteriya”ların heç birinə uyğun gəlmir. Əvvəla, o, Qarabağ ermənisidir. Həmçinin Baqrat anti-Azərbaycan mövqenin daşıyıcısı olmaqla yanaşı, həm də qatı separatçıdır.

Üstəgəl, Baqrat indiyə kimi Ermənistan hakimiyyətinin öz dövlətçiliyinin gələcəyi naminə Azərbaycanla normallaşma istiqamətində atdığı addımların əleyhinə çıxıb. Belə olan halda adıçəkilən keşişdən hansı səmimiliyi gözləmək olar?

Başqa bir məsələ ondan ibarətdir ki, Qalstanyan Ermənistanın müxtəlif regionlarına səfərlərini davam etdirir. Avqustun 4-də Şiraka səfəri zamanı “Azatutyun”a müsahibə verən Qalstanyan deyib ki, Paşinyanı istefaya məcbur edəcək yeni etiraz kampaniyası sentyabrın əvvəllərində başlayacaq.

“Azatutyun”un yazdığına görə, arxiyepiskop hər hansı spesifik aksiyadan danışmasa da, kampaniyanın ikinci mərhələsinin kütləvi tədbirlərlə deyil, tərəfdarlar arasında aparılan müzakirələrlə başlayacağını deyib.

Keşiş bu çərçivədə şəxsən Paşinyanı nəzərdə tutaraq bildirib ki, “antixrist” hakimiyyətdən “xoşluqla” getməlidir.

Qalstanyan əlavə edib ki, hökumətə qarşı “mübarizə metodları” dəyişdiriləcək, çünki onlar qarşı tərəfin sərt hərəkətlərindən nəticə çıxarıblar.

Xatırladaq ki, erməni kilsəsinin arxiyepiskoplarından Baqrat Qalstanyan ötən aprel ayında sərhəd bölgələrində bəzi sakinlərin Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası prosesinə qarşı çıxmasından istifadə edərək tərəfdarları ilə birlikdə Tavuşdan İrəvana yürüş edib. Bundan sonra ölkə daxilində hələ də bitməyən “soyuq savaş” başlayıb. Mürəkkəbləşməkdə olan bu prosesin gedişində Ermənistan hakimiyyəti üçün müəyyən risklərin yarandığı bildirilir.

Onu da deyək ki, Qalstanyan sentyabr ayından etibarən, Ermənistanda “qaynar payız”ın başlayacağını iddia edib. Ölkənin hakim “Vətəndaş sazişi” partiyası diqqətini “qaynar payız” anonsunun mümkün ssenarisinə yönəldib. Bu zaman həmin ərəfədə ilk növbədə Ermənistan parlamentinin yeni sessiyasının işə başlayacağı qeyd olunur. İndi hökumət Qalstanyanın parlamentin işini təkrar pozmasına imkan verməməyin yollarını axtarır. Bu arada hakim siyasi elitada onu da etiraf edirlər ki, Ermənistan yaxın tezlikdə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmasa, hakimiyyətə qarşı daxildən və xaricdən təzyiqlər artacaq. Əslində bu, təəccüblü deyil. Məsələ ondadır ki, kənar qüvvələrdən asılı vəziyyətdə olan Ermənistan hakimiyyətinin müstəqil qərar qəbul etmək imkanı yoxdur. Rəsmi İrəvan artıq uzun müddətdir, Qərblə Rusiyanın maraqlarını uzlaşdırmaq məcburiyyətindədir. Bu azmış kimi, daxili müxalifət də hakimiyyəti davamlı olaraq təzyiq altında saxlayır. Belə olan halda Ermənistan üçün yeni “təhlükəsizlik çətiri”nin tapılması zərurətinin aktuallığı xeyli artıb. Bu isə regionda əməkdaşlıq mühitinin təmin olunmasından, o cümlədən, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir.

Yeri gəlmişkən, qeyd edək ki, Ermənistan hakimiyyəti Qərbin təzyiq və təsirləri ilə Rusiyadan, həmçinin təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmağa davam edir. Rəsmi İrəvan KTMT-nin ard-arda keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” və “Kobalt-2024” təlimlərində iştirakdan imtina edib. Əslində bu qərarın səbəbi özlüyündə aydındır. Ermənistan ABŞ ilə nə qədər yaxınlaşırsa, Rusiyadan bir o qədər uzaqlaşmalı olur. Moskvanın bu prosesə sonsuzadək təmkinli yanaşacağı isə inandırıcı görünmür. Odur ki, hazırda Qərblə Rusiya arasında siyasi poliqona çevrilən Ermənistanın gələcəkdə hərbi poliqona çevrilərək Ukraynanın taleyini yaşaması istisna edilmir.

Bu arada Ermənistan xarici KİV-də artıq NATO-nun regiondakı plasdarmı kimi təqdim olunmaqdadır.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan hakimiyyətinin işi heç də asan deyil. Mövcud iqtidar üçün gerisayım, bəlkə də, başlayıb. Belə olan halda bütün yollar eyni istiqamətə – Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırmasına aparır. Əks halda, İrəvanın düşdüyü labirintdən çıxmağa nəzəri şansları da qalmayacaq…