Azərbaycana qarşı qapı arxasında hazırlanan plan: “Dəmir yumruq” xəbərdarlığı edildi

0
65

Qərb dövlətlərinin Ermənistanı silahlandırmasının bölgədəki vəziyyəti gərginləşdirəcəyi ilə bağlı Azərbaycanın rəsmi xəbərdarlıqları özünü doğrultmaqdadır. Göründüyü kimi, “özünümüdafiə silahları” artıq Azərbaycan sərhədləri və suveren ərazilərinə doğru istiqamətlənir. Hələlik insidentlər genişmiqyaslı olmasa da, yaşananların daha böyük təhdidlərin carçısı olduğunu söyləyə bilərik.

Sərt xəbərdarlıq

Rəsmi qurumlarımız da bu təhdidləri görür və müvafiq reaksiyasını verirlər. Azərbaycan Müdafiə Nazirliyinin sərhəddə yaşanan təxribatlarla bağlı son açıqlaması özünün üslubu, sərtlik tonu və ünvanlılıq baxımından əvvəlki bəyanatlardan olduqca fərqlənir. Nazirliyin bəyanatında da qeyd olunur ki, son günlər Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar qeydə alınıb.

“Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyildir və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən “Avropa Sülh Fondu” adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir.

Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir.
Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir”, – Müdafiə Nazirliyinin xəbərdarlığında bildirilir.

Sönmüş ocağı alovlandırmaq cəhdi

Göründüyü kimi, Azərbaycan açıq şəkildə milli maraqlarımızı və suverenliyimizi təhdid edən çağırışların formalaşmasının əsas səbəbkarlarını tanıyır və bilir. Buraya bir tərəfdən sülh prosesinin sürətlənməsində olduqca maraqlı görünməyə çalışan Vaşinqton, hər zaman ermənipərəst mövqeyi ilə ad çıxarmış Fransa, son illərdə Parisin ruporuna çevrilərək onun siyasi ambisiyalarının əsiri olmuş Brüssel daxildir. ABŞ “hərbi təlimlər”, Fransa “özünümüdafiə silahları”, Brüssel isə “sülhə yardım” adı altında Azərbaycanın 30 illik işğal dövründən sonra tarixi zəfərlə söndürdüyü separatizm və münaqişə ocağını yenidən alovlandırmağa çalışır. Üzdə bu “hərbi yardımlar”ın Bakıya qarşı yönəlmədiyi bəyan edilsə də, baş verənlər bu iddiaların tamamilə yalan olduğunu ortaya qoyur.

Bağlı qapılar arxasında cızılan planlar

İrəvana gəldikdə, Ermənistan rəhbərliyi xislətinə uyğun olaraq yenə də ikili oyunlarından əl çəkmir. Üzdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bəyan etsə də, tezliklə sülh sazişinin imzalanmasında maraqlı olduğunu bildirsə də, əməli olaraq atılan addımlar söylənilənlərin sabun köpüyü olduğunu isbatlayır. İşğal dövründə sülh danışıqlarından müxtəlif bəhanələrlə boyun qaçıran İrəvan indi də revanşizm iddiaları ilə yaşayır. Ermənistan rəhbərliyi bağlı qapılar arxasında Azərbaycana qarşı növbəti məkrli planların konturlarını cızır. Bu işdə onun əsas havadarları və baş məsləhətçiləri isə işğal dövründə olduğu kimi yenə də Qərb siyasi dairələridir.

Bu ehtimalın doğruluğunu isbatlayan faktlara diqqət edək:

– Ermənistan “bu, mənim suveren hüququmdur” deməklə Azərbaycan tərəfindən darmadağın edilmiş ordusunu dirçəltməyə çalışır. Bu məsələdə əsas sponsorlar ABŞ, Fransa və Avropa İttifaqıdır. Bakı İrəvan və havadarlarına sülh sazişi imzalanmadan atılan bu addımların sülh prosesini təhdid etdiyinə dair xəbərdarlıq edir ki, son günlərdə baş verən təxribatlar Azərbaycanın nə qədər haqlı olduğunu göstərir.

– Bakı sülhə əngəl olan Ermənistan Konstitusiyası və daxili qanunvericilik aktlarındakı ölkəmizə qarşı ərazi iddialarının ortadan qaldırılmasını tələb edir. Ermənistan rəhbərliyinin cavabı yenə də eynidir: “bu, bizim daxili məsələmizdir, sülhə əngəl deyil”. Lakin İrəvan və sponsorları da gözəl anlayırlar ki, Konstitusiya hüquqi cəhətdən hər bir beynəlxalq və ikitərəfli müqavilələrdən üstündür. Bu şərtlər daxilində sülh mümkünsüzdür.

– Azərbaycan uzun illər işğalı rəsmiləşdirməyə çalışan ATƏT-in Minsk Qrupunun buraxılması üçün İrəvanı birgə müraciət etməyə çağırır. Lakin Ermənistan sözdə buna hazır olduğunu bəyan etsə də, reallıqda yenə də elə həmin Minsk Qrupunda təmsil olunan sponsorlarından aldığı təlimatla bu tələbi də gözardı edir.

– Ermənistanda hələ də keçmiş Qarabağ separatçılarının intensiv fəaliyyəti müşahidə olunur. “Artsax” nümayəndəliyi fəaliyyətini davam etdirir. Bu siyahıya Ermənistan baş naziri Nikol Paşinyanın Londonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtinasını da əlavə edə bilərik.

Revanşizmdən yararlanmaq istəyənlərə tutarlı cavab

Göründüyü kimi, İrəvan hələ də 44 günlük müharibənin nəticələrindən dərs çıxartmayıb. Daha doğrusu, Ermənistan rəhbərliyinə lazım olan nəticələri çıxartmağa imkan vermirlər. İrəvan yenidən “sizin üçün güclü ordu quracağıq”, “hərbi yardımlarımız davamlı olacaq”, “sizi Qərb siyasi institutlarına tezliklə qəbul edəcəyik” nağıllarının əsirinə çevrilib. Halbuki, bu vədlərə aldanaraq hazırda ağır bədəllər ödəyənlərin təcrübəsi göz önündədir. Erməni revanşizmini bölgədə qalıcı olmaları üçün bir alətə çevirmək istəyənlərin planlarına qarşı Azərbaycanın hansı addımlar ata biləcəyinin konturları isə Müdafiə Nazirliyinin hərbi təxribatlara cavab olaraq yaydığı son bəyanatda əksini tapıb: “Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir”.