Sərnişin düşürmək üçün avtobus zolağına keçən sürücülər də CƏZALANDIRILACAQLAR?

0
64

İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişiklikdən sonra avtobus zolağına girən digər avtomobil sürücüsü 100 manat həcmində cərimələnir. Yeni tələbdən sonra şəhərdə qəribə mənzərə yaranıb. Bəzi avtomobil sahibləri avtobus zolağına girməmək üçün sərnişini yolun ortasında düşürürlər. Bu da qəza şəraiti yaradır.

Maraqlıdır, sərnişini düşürmək üçün avtobus zolağına girən avtomobil sürücüləri də cərimələnəcəklər?

Suala nəqliyyat üzrə ekspert Yasin Mustafayev aydınlıq gətirib. O, Bizim.media-ya açıqlamasında bildirib ki, sərnişini düşürmək və yaxud götürmək üçün avtobus zolağına girən avtomobil sürücüsünü də 100 manat cərimə gözləyir:

“Avtobus zolağına digər nəqliyyat vasitələrinin girişinə qadağa qoyulmasında məqsəd ictimai nəqliyyatın rahat hərəkətinə daha geniş imkan yaratmaqdır. Hədəf odur ki, şəhərdə həm tıxac yaradan, həm də ətraf mühitə ziyanlı emissiyalar atan fərdi nəqliyyat vasitələrindən uzaqlaşıb, ictimai nəqliyyata üz tutulsun.

Belə eləməsək, yaxın illərdə paytaxt küçələrində çox ciddi problemlər yaşanacaq. Bu gün eyni küçədə hərəkət edən 50-60 avtomobildəki insanları bir avtobus asanlıqla daşıya bilir. Biz ictimai nəqliyyatı daha əlçatan etsək və yaxşı təşviqat aparsaq, o zaman insanlar avtomobillərdən imtina edəcək, ictimai nəqliyyata üz tutacaq. Amma bu hədəfə çatana qədər biz haqqında danışdığımız mənzərə ilə rastlaşacağıq”.

100 manat cərimədən yayınmaq üçün bəzi sürücülər sərnişini çox zaman yolun ortasında düşürür.

Bəs yolun ortasında sərnişini düşürən sürücünü hansı cəza gözləyir?

Müsahibimiz bu suala belə cavab verdi:

“Bu halda sürücü dayanma və durma qaydasını pozmuş olur. Bu hərəkətə görə isə sürücünü 40 manat cərimə gözləyir”.