Bu il hansı ixtisaslar üzrə bal artımı gözlənilir?

0
85

“Bu il ali təhsil müəssəsilərinə qəbul olmaq üçün sənəd verənlərin sayı əvvəlki illərlə müqayisədə daha çoxdur. Bu il plan yerlərinin də çoxluğu, həmçinin III ixtisas qrupu üzrə yüksək bal toplayanların sayındakı artım bu ixtisas qrupunda müsabiqənin gərgin keçəcəyini qaçılmaz edir”.

Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verənlərin sayı əvvəlki illərlə müqayisədə artıb:

“Keçən il ali təhsil müəssisələrinin bakalavr pilləsinə 55 800 plan yeri ayrılmışdısa, bu il 60 000 plan yeri ayrılacaq. Bu il Qarabağ və Türkiyə-Azərbaycan universitetlərinin fəaliyyətə başlaması ali təhsil müəssisələri arasındakı rəqabəti gücləndirib”.

Kamran Əsədov bu il hansı ixtisaslar üzrə bal artımın ola biləcəyi haqda da fikirlərini səsləndirib:

“Cari ildə daha çox III ixtisas qrupunda bal artımını hüquq və dövlət işi , ictimai münasibətlər, I-ci ixtisas qrupunda kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi ixtisaslarında gözləyirik. II ixtisas qrupunda maliyyə ixtisası üzrə çox ciddi rəqabət olacaq. IV ixtisas qrupunda yer alan tibb ixtisasları üzrə də balların yüksək olacağı proqnozlaşdırılır. Bu il mart ayının 3-də keçirilən imtahanda 54 nəfər maksimum bal topladı, ümumiyyətlə buraxılış imtahan nəticələri əvvəlki illərlə müqayisədə daha yüksək oldu. Bu da bəzi ixtisas və qruplarda balların artmasına gətirib çıxaracaq”.

Abituriyentlərlə yanaşı ali məktəblərə sənəd verəcək subbakalavrların II ixtisas qrupunda daha çox uğur qazandığını xatırladan ekspert qeyd edib ki, subbakalavrlar üçün ayrıca plan yeri olmalıdır:

“Bilirik ki, ali məktəblərə abituriyentlərlə bərabər, subbakalavrlar da sənəd verirlər. Uzun illərdir ki, subbakalavrlar daha çox II ixtisas qrupunda uğur qazana bilib. Ölkə Prezidentinin sərəncamından sonra plan yerlərinin artırılması bir neçə ixtisas üzrə subbakalavrlara qəbul şansı yaradır. Məncə, subbakalavrlar üçün ayrıca plan yeri olmalıdır. Onlar həm də öz aralarında rəqabət aparmalıdır. İndiki halda subbakalavrlar yalnız abituriyentlər tərəfindən tutulmayan plan yerlərinə qəbul ola bilirlər. Subbakalavrların qəbulolma şansı II ixtisas qrupunda daha yüksəkdir. Yəni maliyyə, mühasibatlıq, bank işi, vergi, sığorta – bu tip ixtisasları bitirənlərin qəbulolma şansı çoxdur.

Biz IV və III ixtisas qruplarında da subbakalavrların şanslarının olmasında maraqlı olmalıyıq. Xüsusən 4-cü qrupda indiyə qədər tibb, biologiya ixtisaslarına heç bir subbakalavr qəbul ola bilməyib. Yaxud, 3-cü ixtisas qrupunda hüquq, tarix, xarici dil istiqamətlərində qəbul olmayıb. Subbakalavrlar bir neçə bölgədə yalnız ibtidai sinif və məktəbəqədər təhsil istiqamətinə qəbul ola biliblər. Biz subbakalavrlara daha çox yer verməliyik. Bu həm də onların təhsilalma hüququnu təmin etmək deməkdir”.