İşğaldan azad edilən bütün rayonlarda olduğu kimi, Füzuli şəhərində də həyat öz axınına düşüb.
32 ildən sonra füzulililər bu gün öz adət-ənənələrinə uyğun olaraq doğma torpaqlarında Su çərşənbəsini qeyd edirlər. Məktəblilər də həmçinin bayram ab-havasına sevinirlər.
Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Novruzqabağı çərşənbələrin keçirilməsi ilə bağlı tədbir planı hazırlanıb.
Sinif otaqları milli atributlarla, adət-ənənələrimizi əks etdirən əşyalarla bəzədilib. Məktəblilər milli geyimdə dərslərə gəliblər, hazırladıqları səhnəciklər maraqla qarşılanıb. Şagirdlərə Su çərşənbəsi və Qarabağda Novruzun qeyd olunmasının qədim ənənələri haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, hazırda Füzulidəki məktəbdə 450-yə yaxın şagird təhsil alır.