Qərb Bakı və İrəvanı Parisə sürükləyir – Lavrovdan kritik açıqlama

0
165

Qərb Azərbaycan və Ermənistan arasında nizamlanmada Rusiyanın rolunu düzgün hesab etmir və hər iki ölkəni Brüssel, Paris və Vaşinqtona cəlb etməyə çalışır. 

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirlərində iştirakının yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, prezident Putin 44 günlük müharibənin sona çatmasında, eləcə də bir neçə üçtərəfli sənədlərin razılaşdırılmasında həlledici rol oynayıb, sərhədin delimitasiyası, ticarət və nəqliyyat yollarının bağlanması məsələləri də daxil olmaqla nizamlanmanın əsas parametrlərini və sülh müqaviləsinin imzalanması müəyyən edib.

“Bu yaxınlarda biz gördük ki, bu razılaşmalardan sonra qərbli həmkarlar Rusiyanın bu istiqamətdə irəliləyiş əldə etməsinin nədənsə yanlış olduğunu düşünərək erməniləri və azərbaycanlıları Brüsselə, sonra Parisə, sonra Vaşinqtona, Praqaya sövq etməyə başladılar”, – Lavrov bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Rusiya sülhməramlılarının Qarabağda olması ilə bağlı sualı da cavablandırıb: 

“Hamının Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra belə, həqiqətən də orada hələ də sülhməramlılarımız var. Amma bu məsələ artıq erməni tərəfinə aid deyil. Bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir. Prezidentlər bu mövzunu müzakirə etdilər, onlar razılaşdılar ki, hazırkı mərhələdə Rusiya sülhməramlılarının mövcudluğu sabitliyin möhkəmləndirilməsi, regionda etimadın yaradılması və bunu etmək istəyən Qarabağ sakinlərinin geri qayıtmasına kömək etmək üçün müsbət rol oynayır”.