Azərbaycan Dövlət Aqrar Universiteti yenidən təşkil olunur

0
145

Azərbaycan Dövlət Aqrar Universiteti yenidən təşkil olunur.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Aqrar Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilir.

“Azərbaycan Dövlət Aqrar Universitetinin Nizamnaməsi” təsdiq edilib. ADAU-nun nizamnamə fondu 36 milyon 469 min 599 manatdır.

ADAU-nun əmlakı nizamnamə fondundan, təsisçinin ona verdiyi digər əmlakdan, dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, o cümlədən ödənişli təhsildən əldə edilən vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan olunmayan digər vəsaitdən formalaşır.

ADAU-nun balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri “Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

ADAU ona verilmiş əmlakdan yalnız bu Nizamnamə ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. ADAU-nun əmlakından təhsildənkənar məqsədlər üçün istifadə edilməsi qadağandır. ADAU əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə Nazirlik ilə razılaşdırmaqla həyata keçirir.

ADAU mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. ADAU-nun əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti Nazirlik, yaxud onun səlahiyyət verdiyi şəxs həyata keçirir.

ADAU-nun maddi-texniki bazası və təhsil infrastrukturu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun olmalıdır. ADAU Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq normativlərə uyğun maliyyələşdirilir. ADAU bilavasitə mənfəət əldə etmək məqsədi güdmür. ADAU Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq sahibkarlıq fəaliyyəti növləri ilə məşğul ola bilər. Bunun üçün ADAU Nazirliyin razılığı ilə təsərrüfat cəmiyyətləri yarada və ya onlarda iştirak edə bilər.

ADAU-nun bu Nizamnamədə göstərilən mənbələrdən (büdcə vəsaiti istisna olmaqla) daxil olan vəsait hesabına əldə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq onun mülkiyyətinə daxil edilir.

ADAU-nun fəaliyyətindən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə, habelə normativ hüquqi aktlarla müəyyən edilmiş digər məqsədlərə yönəldilir.

Kənd Təsərrüfatı Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Azərbaycan Dövlət Aqrar Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.