Daxili İşlər Nazirliyi İctimai Nəzarətlə birgə…

0
1425

V.Eyvazov cinayətkarlığa qarşı mübarizə, ictimai qaydaların və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində son illər görülən əhəmiyyətli işlərin layiqincə davam etdirilməsi istiqamətində ciddi addımlar atmağa başlamışdır.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər bir ölkənin gələcəyinin, inkişafının vətəndaşların intellektual səviyyəsindən, xüsusən yüksək texnologiyalara, innovasiyalara yiyələnmiş, mükəmməl təhsil almış savadlı, vətənpərvər, milli-mənəvi dəyərlərlə dövlətçiliyə sadiq, müstəqilliyimizi, milli maraqlarımızı hər şeydən üstün tutan gənclərdən asılı olduğunu dəfələrlə vurğuladıqlarını məmnunluqla xatırlayır və bu tövsiyələrə əməl etməyə çalışır.

Onun Əlahiddə Çevik Polis Alayında və Nazirliyin digər struktur orqanlarında xidmət etməyə başlayan gənclərlə görüşündə polisin yüksək adını və mundirin şərəfini uca tutmalarını, vətəndaş məmnunluğunun təminatına çalışmaları, onların şərəf və ləyaqətinə hörmətlə yanaşmaları ilə bağlı tövsiyələri gənc polislərin sədaqətli xidmətinə və əzmkarlığına böyük stimul vermişdir.

İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator olan V.Eyvazovun bu məsələ ilə bağlı illik hesabatı hələ də doğurduğu rezonansı ilə diqqət mərkəzindədir.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə beynəlxalq cinayətkar şəbəkənin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınmış, 2 mütəşəkkil dəstə, 58 cinayətkar qrup zərərsizləşdirilmişdir.

V.Eyvazovun dəstəyi ilə yüzlərlə potensial insan alveri qurbanı hesab edilən sənədsiz kompensasiyaların alınmasına, onlar üçün sığınacaqlar yaradılmasına nail olmuşdur. DİN-nin bu sahədə fəaliyyət göstərən hər bir QHT-nin üzünə açıq olması da təbii ki, milli koordinator kimi onun fəaliyyəti ilə bağlı olmuşdur. Siyasi baxışlarından asılı olmayaraq, QHT-lərin tədbirlərində iştirak etmiş V.Eyvazov xaricdə çətin vəziyyətdə olan, vətənə qayıtmaq imkanı olmayan neçə-neçə soydaşımızın Azərbaycana qayıtmasına, əcnəbilərin isə öz vətənlərinə qaytarılmasına təşəbbüs göstərən QHT-lərin fəaliyyətinə əməli dəstək vermişdir.

O, general olandan sonra davamlı olaraq öz üzərində çalışan, mütaliə edən və bir neçə xarici dil öyrənən məmurlardan biridir.

İlk iş günündəki uğurlu əməliyyatı siyasi məhbus ailələri üçün vəsait toplanması üzrə marafonun keçirilməsinin qarşısını almaq olan V.Eyvazovun artıq mütəmadi olaraq ölkə vətəndaşları ilə görüşləri keçirilir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə Azərbaycan Texniki Universitetinin qarşılıqlı əməkdaşlıq və faydalı tədris təcrübəsinin qurulması da nazirin müasir cəmiyyətdə informasiya təhlükəsizliyinin aktual problemlərinin həlli istiqamətinə yönəlmiş əsaslı diqqətidir.

Ölkəmizə gəlmiş turistlərin polis əməkdaşlarımızın fəallığından və xoş münasibətlərindən bəhs edən yazılar da son vaxtlar mətbuat orqanları və digər sosial şəbəkələrin gündəmindədir.

Bu münasibətlərin düzgün tənzimlənməsi, narahatçılıqların operativ həlli təbii ki, rəhbərliyin xüsusi tapşırıqlarının, polis əməkdaşları və mühafizə xidməti işçilərinin düzgün seçimi ilə əlaqəlidir.

Daxili İşlər Orqanlarında yeni islahatların aparılmasında yeni nazirimizə hər kəs əlindən gələn köməyi etməlidir.

İctimai müqavimətdən çəkinməyərək ictimai nəzarəti gücləndirməliyik.

Ölkədə insan hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa qarşı mübarizə, ictimai qaydaların pozulması, ictimai təhlükəsizliyin təmin olunması sahəsində polis fəaliyyətinin nailiyyətləri ictimai fəallıqla daha artıq şəffaflığını qorumuş olar.

Rasim Məmmədov,

DAMM-nın I vitse-prezidenti,

İctimai Nəzarət Koalisiyasının sədri,

SİMİB-nin rəhbəri