Dünya Azərbaycanın bir günlük əməliyyatından heyrətlənib: Yəhudiləri terrorla kimlər hədələyir?

0
254

Azərbaycanın antiterror əməliyyatını qısa müddətə və uğurla başa vurması dünyanın müxtəlif mərkəzləri tərəfindən ciddi öyrənilir və səbəbləri araşdırlır. Ekspertlər hesab edir ki, Azərbaycan bu əməliyyat zamanı əsasən İsrail və Türkiyə tərəfindən təchiz olunmuş güclü silahlardan istifadə edib. Bəzi nəşrlər “bir günlük müharibə,” “III Qarabağ savaşı” kimi təqdim etdikləri antiterror əməliyyatlarını İsrailin 6 günlük savaşdakı qələbəsindən sonra çağdaş hərb tarixinin ən parlaq qələbəsi adlandırırlar.

44 günlük müharibədə yeni texnologiyaların, hərbi innovasiyaların tətbiqi, ənənəvi tank-artilleriya, piyada savaşlarının yerini dron müharibəsinə verməsi əsasən təqdir olunur, hərb sənətini tədqiq edən mərkəzlər Azərbaycanın savaş taktikasını model olaraq öyrənməyi təklif edirdilər. Amma birgünlük savaşın uğurunu həzm etmək deyəsən daha çətindir. Axı necə ola bilər ki, yenicə müstəqillik əldə etmiş ölkə hərb tarixini, hərb sənətinin ənənəsini belə asanlıqla dəyişsin? Və dərhal konspirologiyalar işə düşür, qələbəmizdə gah “rus izi” axtarır, Putinin rolundan və ya ermənilərə xəyanətindən dəm vururlar (deyəsən, bizdə də Putin sevdalısı və ya sadəcə iqtidar opponenti olan bir xeyli şəxs qələbəmizi məmnunluqla Putinin aktivinə yazmağa həvəslidirlər), ya Türkiyənin rolunu ifrat qabardırlar, bəzən hansısa “təkfirçi qüvvələrin” rolundan bəhs edənlər də var (sonuncu təqdimatda daha çox İran KİV-ləri fəaldırlar).

“Associated Press” agentliyinin (AP) araşdırması qələbəni Azərbaycandan başqa istənilən xarici qüvvəyə bağlamaq istəyənlər üçün yeni fürsət yaradıb. Yazı Qərb, ərəb, erməni, rus və İran KİV-lərində yüz dəfədən artıq reproduskiya olunub. Bu, İran və erməni mediasında yeni antisemit kampaniya başlamasına da təkan verib. AP öz mənbələrinə istinadən iddia edir ki, İsrail Azərbaycana güclü silahlar verməklə onun Qarabağ üzərində nəzarəti ələ almasında “sakitcə” kömək edib. Belə ki, sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi ildırımsürətli əməliyyatdan bir neçə həftə əvvəl İsrailin cənubundakı hərbi hava bazasından Qarabağ yaxınlığındakı aerodroma yük təyyarələrinin dəfələrlə uçması müşahidə olunub. Bu uçuşlar Azərbaycan-İsrail strateji əməkdaşlığından onsuz da narahat olan erməni rəsmiləri təşvişə salmışdı. Xatırladaq ki, əməliyyatlardan əvvəl yazdığımız yazılarda İran tərəfinin İsraildən Azərbaycana hərbi daşımalar haqda yeni feyklər yaydığını və bu feyklərin mümkün toqquşmalardan sonra Azərbaycana qarşı informasiya savaşında istifadə edilə biləcəyini qeyd etmişdik.

İsrailin Azərbaycandakı keçmiş səfiri və hazırda Tel-Əvivdəki Milli Təhlükəsizlik Tədqiqatları mərkəzinin eksperti Arkadi Milman bildirib ki, bu müttəfiqlikdə təəccüb etməli heç nə yoxdur: “Bizim müdafiə sahəsində Azərbaycana dəstəyimizdə təəccüblü heç nə yoxdur. Bizim İranı cilovlamaq üçün strateji partnyorluğumuz var”.

Daha sonra Azərbaycanın İsrailin ən böyük silah alıcılarından biri olması haqda artıq Qərb və İran KİV-lərində dəfələrlə getmiş yarıgerçək rəqəmlər açıqlanır. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutundan Piter Veyzman deyir ki, İsrail silahları Azərbaycanın öz hədəflərinə çatmasında əhəmiyyətli rol oynayıb. Ekspert qeyd edir ki, İsrailin istehsal etdiyi uzaqmənzilli raketlər və “mobil sursat” kimi tanınan partlayıcı dronlar Azərbaycanın kiçik hərbi hava qüvvələrini gücləndirib və ona hətta Ermənistanın dərinliklərindəki hədəfləri vurmaq imkanı verib. Bundan başqa Azərbaycan hava məkanının müdafiəsi üçün İsrailin “Barak-8 “ “yer-göy” tipli raketlərindən istifadə edib. Azərbaycanın müdafiə naziri İsrail dronlarını Ermənistan ordusu üçün “vahiməli yuxu” adlandırmış, prezident İlham Əliyev isə silah sərgisi zamanı İsrailin kiçik kamikadze PUA-sı – Harop dronuna nümayişkaranə bir şəkildə “sığal çəkmişdi”.

AP İran və erməni KİV-lərində getmiş, yuxarıda xatırlatdığımız iddiaları öz müşahidəsi kimi təqdim edir: “Azərbaycanın “Silk Way Airlines” şirkətinin yük təyyarələri sentyabrın 1-i ilə 17-si arasında Ovda aerodromuna azı 6 reys edib. Həmin altı gün ərzində Azərbaycanın Rusiya istehsallı Il-76 təyyarələri Ovda ilə Bakı və ya Gəncə arasında uçuşları həyata keçiriblər”.

“The Jerusalm Post” isə bu mövzunu İsrailin hərbi gücünün reklamı üçün istifadə edərək “İsrail texnologiyası Azərbaycanın Dağlıq Qarabağdakı qələbəsinə necə təsir etdi?” – başlığı ilə təhlil dərc edib. Qeyd olunur ki, xarici işlər naziri Eli Koen aprel ayında Azərbaycana səfər edib və İsrail ilə Azərbaycan arasında təhlükəsizlik, enerji, ticarət və turizmi əhatə edən çoxşaxəli strateji əlaqələri vurğulayıb.

Bu əlaqələr indi Dağlıq Qarabağda baş vermiş son münaqişə səbəbindən diqqət mərkəzindədir, erməni əhalisinin böyük hissəsi Ermənistan qüvvələri ilə Bakının xeyli üstün hərbi qüvvələri arasında qısa bir günlük döyüşdən sonra buradan qaçıb. Lakin “J/P” Qərb, ərəb və İran mediasında aparılan antisemit kampaniyaya cavab verirmiş kimi özlərinə bəraət qazandırmağa çalışır, qələbənin əsas səbəbini Qərbin susqunluğu və Rusiyanın loyallığına bağlayır:

“İsrailin müdafiə texnologiyası Bakının son illərdəki döyüşlərin bir neçə raundunda ümumi qələbəsində əsas rol oynasa da, daha böyük hekayə Rusiya və Qərbin bu münaqişənin qızışmasına necə icazə verməsidir”.

Nəşrə görə, ABŞ-ın satdığı müasir 5-ci nəsil hərbi təyyarələrə, məsələn, F-35-ə çıxışı olmayan Azərbaycan kimi ölkələr PUA-lar vasitəsilə müasir texnologiyanın növbəti səviyyəsinə çıxış əldə edə bilər. Harop, Orbiter və ya SkyStrikes və başqaları kimi İsrail istehsalı sistemlər gələcəyin yeni döyüş meydanlarında texnologiyanın ön sıralarındadır. Amma etiraf olunur ki, dəqiq zərbələr bir ölkəyə düşməni məğlub etmək üçün yalnız müəyyən imkanlar verir. Yəni bu imkanlardan düzgün istifadə etmək, necə tətbiq etmək yalnız müasir ordu qura bilmiş ölkələrə nəsib olur. Azərbaycan sadəcə texnologiyalar əldə etməyib, ondan istifadə etməyi bacaran, digər hərbi hissələrlə bu texnologiyalardan istifadə edənlərin koordinasiyasını yüksək səviyyədə təmin edən ordu formalaşdıra bilib.

“J/P” daha sonra qeyd edir ki, Bakı düzgün diplomatik manevrləri ilə yalnız Türkiyəni deyil, Rusiyanı da öz tərəfinə çəkə bilmişdi. Qərb isə əməliyyatlara beynəlxalq prinsiplərə uyğun olaraq öz ərazi bütövlüyünün təmin edilməsi kimi baxır.

Aniti-Azərbaycan kampaniyasını İsrailin öz daxilinə keçirmək istəyənlər də var. Xəbər verdiyimiz kimi bir müddət əvvəl İsrailin bir qrup alim və ziyalısı prezidenti İshak Herzoqa müraciət edərək Azərbaycan və Ermənistan arasında “mübahisəli Dağlıq Qarabağ bölgəsində” cərəyan edən humanitar böhranın həllinə köməklik göstərməyi xahiş etmişdilər. Məktub müəllifləri vurğulayırdılar ki, onlar münaqişəyə siyasi müdaxilə deyil, “ağır təhlükə altında olan” bölgə sakinlərinə yardım gözləyirlər. Məktubda Azərbaycan-Ermənistan müharibəsinin İsrailin maraqları üçün doğurduğu “fəsadlar“ açıqlanır, İsrailin qərar qəbul edənlərindən ona qarşı fərqli mövqe sərgiləmələri və müharibəyə regional və beynəlxalq töhfələri nəzərə almaları tələb olunurdu.

“Arabi21” saytı məktubun meydana çıxmasını İsraillə əlaqələri yaxşılaşıdrmağa və bu yolla Azərbaycanın müttəfiqləri ilə münasibətlərini korlamağa çalışan erməni lobbisinin əməlinin nəticəsi olduğunu yazırdı.

Məktubu imzalayanların kimlikləri da maraqlıdır. İsraildəki erməni lobbisi əvvəllər əsasən parlamentdəki ərəb-xristian üzvlərdən Azərbaycan və Türkiyə əleyhinə istifadə edirdisə, indi siyahının genişləndirilməsi, bu fəaliyyətin yeni şəxsləri əhatə etməsi diqqət çəkir: Açıq Universitetdən soyqırımı üzrə tədqiqatçı professor Yair Oron, Holokost və Soyqırımı Araşdırma İnstitutunun sədri, professor İsrael Tşarani, jurnalist Yaakov Achimair və yazıçı Ora Achimair, nazir və keçmiş parlament üzvü ravvin Michael Melchior, jurnalist Şari Raz, elm adamları və digər fəallar.

Azərbaycana pozitiv yanaşması ilə seçilən tanınmış jurnalist Reyçel Abraham İsrail Prezidentinə açıq məktubda sözügedən müraciəti imzalamış şəxslərin kimliklərini açıqlayır, onların erməni lobbisinin və beynəlxalq BDS hərəkatının ( İsrail əleyhinə yürüdülən beynəlxalq kampaniya- Boycott, Divestment and Sanctions –boykot, təcrid və sanksiyalar) üzvləri olduğunu qeyd edir. Əslində, Fələstin ərəbləri ilə ermənilərin bir-birləri ilə əməkdaşlığının uzun tarixi var.

Daha sonra o qeyd edir ki, İsrail öz müttəfiqi , demək olar ki, antisemitizm tarixi olmayan planetin azsaylı ölkələrindən biri olan Azərbaycanın yanında dayanmağa davam etməli və antisemitizmi ilə tanınan bir ölkənin çağırışlarına məhəl qoymamalıdır. “Həqiqətən də, yəhudi və erməni xalqları arasında ortaq dəyərlər yoxdur, çünki ermənilər Fələstin ərəblərini dəstəkləməkdə uzun tarixə malikdirlər”.

R.Abraham “Niyə israillilər Azərbaycanın Qarabağdakı fəaliyyətini dəstəkləməlidir?” adlı digər yazısında isə yazır ki, bir israilli kimi Azərbaycanın bu gün bütün Qarabağı geri alması ilə İsrailin 1967-ci ildə Yəhuda və Samariyanı geri alması arasında çoxlu paralellər görür. Hər iki halda beynəlxalq hüquqa uyğun olaraq özlərinə məxsus olan torpaqları geri alıblar. Hər iki halda, yerli əhalinin bir çoxu qorxudan öz istəkləri ilə oranı tərk edib, amma çoxları torpağın əsl sahiblərini “etnik təmizləmə” aparmaqda günahlandırırlar. “ Erməni mühacir icmaları, xüsusən Los-Ancelesin qonşuluğundakı Qlendeyl şəhərindəki icma yaxşı təbliğatçıdır. Onlar 30 il ərzində dünyanı Azərbaycanın şər olduğuna inandırmağa müvəffəq olublar”. R.Abraham erməni terror təşkilatlarının Yaxın Şərq mənşəli olmasını da yada salır: “ Fələstin ərəbləri ilə ermənilərin bir-birləri ilə əməkdaşlığının uzun tarixi var. Maykl Günterin 1970-1980-ci illərdə türk diplomatlarını sıxışdıran erməni terror təşkilatı ASALA haqqında qeyd etdiyi kimi: “Terrorçuların bombalarından biri ilə şikəst qaldıqdan sonra onlarla görüşən ispan jurnalist Xose Antanio Qurrian yazırdı ki, ASALA lideri Hakob Hapopyan Livan əsilli idi. “Qara Sentyabr” terror təşkilatının lideri Əbu İyad 1975-ci ildə ASALA-nın qurulmasında ona kömək etmişdi. Fələstinlilər burda təcrübə qazanmışdı”.

Onun fikrincə, israillilər Azərbaycan multikulturalizminin Qarabağda tətbiqi istiqamətindəki təqdirəlayiq səylərini dəstəkləməlidirlər. Bu siyasət sayəsində qərəz və nifrət Azərbaycan mədəniyyətinə yaddır. Məhz buna görədir ki, onlar Ermənistanla amansız münaqişə nəticəsində onilliklər boyu əziyyət çəksələr də, erməniləri Azərbaycan vətəndaşı kimi inteqrasiya etmək istəyirlər və onları öz evlərindən qovmurlar.

Ermənistandakı antisemit dalğası artıq açıq teraktlar şəklini də alır. i24news xəbər verir ki, Ermənistandakı yeganə sinaqoqa “Molotov kokteyli” atılıb. Molotov kokteyli partlamasa da, sinaqoqu zədələyib. “Ermənistanın Gənc Azadlıq Mübarizləri” adlı qrup hadisəyə görə məsuliyyəti öz üzərinə götürərək, hücumu İsrail və dünyanın hər yerində Azərbaycana dəstək olan yəhudilərdən qisas almaq məqsədilə həyata keçirdiklərini bildirib. Qrup bəyanatında bildirir ki, “yəhudilər erməni xalqının düşmənidir. Yəhudi dövləti Əliyev rejiminə silah satır. Bu, bir xəbərdarlıqdır – ABŞ və Avropa ölkələrindəki yəhudi ravvinləri Əliyev rejimini dəstəkləməyə davam edərsə, biz də başqa ölkələrdə sinaqoqları yandırmağa davam edəcəyik”. Məlumata görə, Ermənistanda təxminən 200 yəhudi yaşayır.