Sanksiyalara baxmayaraq, Rusiya Ermənistan vasitəsilə Qərbdən silah texnologiyaları idxal edir

0
218

“Ötən ayın sonunda ABŞ və Avropa İttifaqı rəsmiləri müdafiə sistemlərinin boşluqlarından istifadə edilərək Rusiya ərazisinə daxil olan milyonlarla dollar dəyərində qadağan olunmuş texnologiya haqqında məlumat mübadiləsi aparıblar”.

Bu barədə “The New York Times” qəzeti öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, 24 martda keçirilən iclasın slaydlarına görə yüksək vəzifəli vergi və ticarət rəsmiləri Ermənistan, Qazaxıstan və digər ölkələr vasitəsilə Rusiyaya çiplərin və digər elektron komponentlərin satışında artım olduğunu qeyd ediblər.

Materialın davamında deyilir:

“Onlar Ukraynanı vuran Rusiyaya məxsus qanadlı raketlər də daxil olmaqla, silahların inkişafı üçün zəruri hesab edilən səkkiz xüsusi həssas kateqoriyalı mikrosxemlərin və digər elektron cihazlarının axını haqqında məlumatı bölüşüblər.

Ukrayna Rusiyanı öz ərazisindən sıxışdırıb çıxarmaq üçün mübarizə apararkən, ABŞ və müttəfiqləri silah sistemləri, pilotsuz təyyarələr və tanklar üçün lazım olan çipləri Rusiyanın əlinə keçməməsi üçün paralel səy göstərir. Lakin Rusiyanı çiplərə çıxışdan məhrum etmək asan deyil. Bir il əvvəl Qərbin sanksiyaları nəticəsində Rusiyanın silah istehsal imkanları azalsa da, ölkə hələ də bir çox elektron komponentlərə dolayı şəkildə giriş əldə edir.

Nəticədə Birləşmiş Ştatlar və Avropa İttifaqı ukraynalıları Rusiya ilə döyüşməyə davam edə bilməsi üçün silahla təchiz edərkən, Rusiya onlara qarşı mübarizədə elə öz texnologiyalarından istifadə edir.

ABŞ rəsmiləri deyirlər ki, onların digər 38 ölkənin hökumətləri ilə ortaq şəkildə tətbiq etdikləri böyük sanksiyalar Rusiyanın hərbi qabiliyyətinə ciddi ziyan vurub və Rusiyanın ehtiyac duyduğu hissələrə xərclərini artırıb.

Şübhə yoxdur ki, ticarət məhdudiyyətləri Rusiyanın döyüş meydanında istifadə oluna bilən texnologiyaları (onların əksəriyyəti ABŞ və müttəfiq ölkələrin firmaları tərəfindən hazırlanır) əldə etməsini xeyli çətinləşdirib: ABŞ və müttəfiqlərindən Rusiyaya birbaşa satışı sıfıra enib.

ABŞ rəsmiləri deyirlər ki, Rusiya ən dəqiq silahlarının çoxunu artıq israf edib, bu səbəbdən onları daha aşağı keyfiyyətli və ya saxta hissələrlə əvəz etmək məcburiyyətində qalıb.

Lakin ticarət məlumatları göstərir ki, digər ölkələr Rusiyaya lazım olanın bir hissəsini təmin etmək üçün işə qarışıb. Ukraynanın işğalından dərhal sonra Rusiyaya çip idxalında kəskin eniş müşahidə olunsa da, yenidən artmağa başlayıb (xüsusən də Çindən).

“Silverado Policy Accelerator” beyin mərkəzinin araşdırmasına görə, oktyabr və yanvar ayları arasında idxal hər ay müharibədən əvvəlki orta göstəricinin 50 faiz və ya daha çox olub.

Döyüş meydanından çıxarılan Rusiya silahlarını tədqiq edən “Conflict Armament Research” (C.A.R.) müstəqil qrupun çərşənbə axşamı yaydığı hesabata görə işğalın başlamasından sonra Rusiyanın istehsal etdiyi silahlarda bu ölkəyə idxalı qadağan olunmuş çiplərin nümunələri tapılıb.

C.A.R. təhqiqatına rəhbərlik edən Demyen Splitersin sözlərinə görə, ABŞ şirkəti tərəfindən ofşor zavodda hazırlanmış üç eyni çip fevral və mart aylarında Ukraynanın bir neçə yerində aşkarlanan “Lancet” dronlarında tapılıb. Onun sözlərinə görə çiplər avqust ayında istehsal edilib.

Lakin o, bu çipləri – Rusiyanın müharibədən əvvəlki böyük elektronika ehtiyatının tükəndiyinin sübutu kimi görüb.

“Artıq biz nəzarət və sanksiyaların effektiv olub-olmadığını görməyə başlayacağıq”, – deyə Spliters vurğulayıb.

Mart görüşünün sənədlərindən aydın olur ki, ABŞ və Avropa rəsmiləri Rusiyanın ABŞ və Avropa mallarını Ermənistan, Qazaxıstan və digər Mərkəzi Asiya ölkələri vasitəsilə marşrutlarını dəyişdirərək əldə etməsindən getdikcə daha çox narahat olublar.

ABŞ Sənaye və Təhlükəsizlik Bürosunun möhürü ilə işarələnmiş bir sənəddə deyilir ki, Ermənistan ABŞ-dən 2022-ci ildə 2021-ci ilə nisbətən 515 faiz, Avropa İttifaqından isə 212 faiz daha çox çip və prosessor idxal edib. Daha sonra Ermənistan eyni məhsulların 97 faizini Rusiyaya ixrac edib.

Digər bir sənəddə Sənaye və Təhlükəsizlik Bürosu Rusiya silahlarının inkişafı üçün kritik hesab edilən səkkiz kateqoriya çip və komponentləri, o cümlədən Rusiyanın KH-101 qanadlı raketinin modelində proqramlaşdırıla bilən hissə müəyyən edib.

Bayden administrasiyasının rəsmiləri bildiriblər ki, ABŞ və müttəfiqləri bütün dünyada məhdudiyyətləri genişləndirdikcə, Rusiya və Belarusa elektron avadanlıqların tədarük həcmi 2021-2022-ci illər arasında 41 faiz azalıb.

Sənaye və Təhlükəsizlik Bürosunda ixraca nəzarət üzrə katibin köməkçisi Metyu S.Akselrod bu mənzərənin əhəmiyyətli bir azalma olduğunu deyib.

“Lakin hələ də dünyanın müəyyən bölgələri var ki, bu malları Rusiyaya çatdırırlar”, – deyə o bildirib və məsələni diqqətlə izlədiklərini vurğulayıb.