“Müharibə zonasından gətirilmiş uşaqlar rus dilini öyrənəcəklər. Lakin təhsil müəssisəsinin imkanları daxilində Ukrayna dilini də öyrənməyə davam edə biləcəklər”.
Bu barədə Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Ombudsman Mariya Lvova-Belova Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransı zamanı bildirib.
“Dövlət dilimiz rus dilidir. Təbii ki, onların öyrənəcəkləri əsas dil rus dilidir. Amma onların milli əsasda Ukrayna dilini seçmək imkanı da var. Əgər təhsil müəssisəsində belə bir imkan olarsa, təbii ki, uşaqlar, həmçinin Ukrayna dilini də öyrənməyə davam edə bilərlər”, – deyə Lvova-Belova qeyd edib.
Ombudsman, həmçinin müharibə bitdikdən sonra müharibə zonasından gətirilən uşaqların öz doğma şəhərlərinə qaytarılması ilə bağlı sualı da cavablandırıb. “Bütün uşaqların qanuni təmsilçiləri var. Bu qərar qanuni təmsilçilər, valideynlər tərəfindən veriləcək. Sosial müəssisələrin şagirdləri olan uşaqlarla bağlı qərarı yeni respublikalarımızın rəhbərləri verəcəklər”, – deyə o əlavə edib.