Uşaq bağçalarının tədris proqramı vahidləşdiriləcək

0
112

“Bu il dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq bağçaları) ilə bağlı tədris proqramının vahidləşdirilməsi məsələsi diqqətdə olacaq”.

Bunu açıqlamasında Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, bağçalarda öyrənmə mühitinin yaxşılaşdırılması məqsədilə bu il 150-dən artıq müəssisədə xüsusi guşələr yaradılıb:

“Müxtəlif öyrənmə istiqamətləri üzrə yeni resurslarla yaradılan guşələr üçün bağçalara tədrislə əlaqəli vəsaitlər verilib, işçilərə təlimlər keçirilib. Misal olaraq, əvvəl belə idi ki, təmirli bağça var, amma fəaliyyəti zəifdir. Bu səbəbdən müəllimlər də uşaqlarla necə məşğul olacaqlarını bilmirdilər. Bu nöqteyi-nəzərdən bağçaya müəllimlər üçün proqramlarla yanaşı, resurslar da vermişik. Guşələr ilkin mərhələdə Bakı, Abşeron, Sumqayıt və Gəncədəki bağçalarda yaradılıb, proses mərhələli şəkildə növbəti illərdə də davam edəcək”

Bu il uşaq bağçaları ilə bağlı tədris proqramının vahidləşdirilməsi məsələsinin diqqətdə olacağını deyən E.Əliyev vurğulayıb ki, plana əsasən, bütün bağçalar üçün konkret metodiki vəsait ilə təmin olunmuş proqram veriləcək:

“Bir sıra hallarda bağçada tərbiyəçi-müəllimlərin hazırlığı yüksək olmadığından nə etməli olduqlarını elə də bilmirlər. Proqramın yanında onun metodiki vəsaitini verməyi düşünürük. Həmin vəsait olmadığından proses ağırdır. Bu ildən başlayaraq hər il ən azı bir yaş üzrə bunu tamamlamağı düşünürük. Bu istiqamətdə hazırlıq işləri davam edir. Sentyabr ayına qədər tərbiyəçi-müəllimlər və bağça müdirləri üçün konkret proqram və metodik vəsait paketini bağçalara təhvil vermək nəzərdə tutulub”.

Qeyd edək ki, ölkə başçısının 2021-ci ilin dekabr ayının 20-də imzaladığı dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında sərəncama əsasən, yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Təhsil Nazirliyinin (hazırda Elm və Təhsil Nazirliyi) tabeliyinə verilib.