Ukraynanın sülh planını dəstəkləyən Blinkendən maraqlı açıqlama: “Atəşkəsə çağırış münaqişəni dondura bilər”

0
128

“ABŞ bütün Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını tələb edən Kiyev sülh planını dəstəkləyir. Vaşinqton Moskvanın xeyrinə olan alternativ təkliflərə qarşı çıxır”.

Bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Demokratiya Sammitinin virtual sessiyasında bildirib. Blinken Ukrayna xarici işlər naziri Dmitri Kulebanın ətraflı izahatını verdiyi 10 bəndlik sülh planı təklifini dəstəkləyib. Sessiyada Prezident Volodimir Zelenskinin də onlayn çıxışı gözlənilirdi, lakin o, cəbhə xətti ilə həmsərhəd rayonlara səfəri ilə bağlı qatıla bilməyib.

“Biz hamımız çox diqqətli olmalı və yaxşı niyyət kimi görünən təkliflərlə bağlı ehtiyatlı davranmalıyıq. Məsələn, atəşkəsə çağırış münaqişəni potensial olaraq dondura bilər ki, bu da Rusiyaya istirahət etmək və yenidən silahlanmaq üçün vaxt verə bilər. Nəticədə də Rusiya yenidən hücuma keçə bilər”, – deyə Blinken qeyd edib.

Bununla belə, Blinken sülh planı tənqid obyektinə çevrilən Çinin adını çəkməyib. Öz növbəsində, Kuleba vurğulayıb ki, Ukrayna hökuməti və xalqı qismən həyata keçiriləcək tədbirlərlə razılaşmayacaqlar.

“Rusiya Ukrayna ərazisinin hər kvadratmetrindən çəkilməlidir”, – deyə diplomat vurğulayıb.