İrəvan Rusiyaya xəyanət etdi: Qarabağdakı ermənilərin taleyi… – Karapetyandan ŞOK ETİRAF

0
173

“Rusiya və Ermənistan arasında çoxəsrlik dostluq əlaqələrini və iki ölkə xalqları arasında tərəfdaşlıq münasibətlərini riskə atmaq yolverilməzdir”.

Bunu erməni əsilli rusiyalı iş adamı, Erməni Sahibkarlar Assosiasiyasının rəhbəri Samvel Karapetyan bildirib.

Ermənistan hökumətinin Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu təsdiq etməsi ilə bağlı planları barədə danışan Karapetyan qeyd edib ki, bu cür hərəkətlər həm iqtisadi, siyasi, hərbi, həm də mədəni qarşılıqlı əlaqə baxımından Rusiya-Ermənistan münasibətlərini birbaşa təhdid edir.

“Rusiya aparıcı xarici iqtisadi və ticarət tərəfdaşıdır, Ermənistanın ölkə sərhədlərində təhlükəsizliyinin təminatçısıdır. Ölkələr arasında dostluq əlaqələri ikitərəfli münasibətlərin sabitliyinin əsasını təşkil edir və Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərinin pozulması Rusiya sülhməramlılarının nəzarəti altında minlərlə erməninin yaşadığı Qarabağın təhlükəsizliyi məsələsində problemə çevrilə bilər”, – erməni biznesmən vurğulayıb.

Karapetyan rəhbərlik etdiyi assosiasiya adından ölkə rəhbərliyini bütün mümkün riskləri ayıq şəkildə qiymətləndirməyə və Ermənistanla Rusiya arasında tərəfdaşlıq münasibətlərinə xələl gətirməməyə çağırıb.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəliklərin konstitusiyaya uyğun olduğunu tanıyıb. Ermənistan Konstitusiya Məhkəməsi bununla bağlı qərar qəbul edib. Roma Statutunun ratifikasiyası Ermənistanın üzərinə öhdəlik qoyacaq ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan ərazisinə ayaq basacağı təqdirdə onu həbs etsin.

Rəsmi Moskva isə İrəvanın BCM-nin Roma Statutuna qoşulmaq planlarını tamamilə qəbuledilməz hesab edir.