Bank kartlarından xəbərsiz pul çıxılır: Səbəbini EKSPERT AÇIQLADI

0
129

İnformasiya və maliyyə təhlükəsizliyi sahəsində təhlükəsizliklə bağlı çoxsaylı tədbirlər görülür. Lakin zaman-zaman kiberhücumların ən güclü müdafiə sistemlərini də qırdığının şahidi olmuşuq.

Son günlər onlayn xarici alış-veriş saytlarında, internet oyunlarında, xüsusilə də qumar oyunlarına bank kartı vasitəsilə qeydiyyatdan keçənlər hesablarından hər ay 1-2 dollar çıxdığını deyirlər.

Məsələ ilə bağlı zərərçəkmiş şəxslərdən biri açıqlamasında qeyd edib ki, onlayn alış-veriş saytından geyim almaq üçün qeydiyyatdan keçib:

“Mütəmadi geyimlər sifariş verirdim. Bir müddət alış-veriş etmədim, lakin kartımdan müəyyən məbləğdə pul çıxdığını müşahidə etdim. Hətta seçdiyim məhsullara da baxdım ki, bəlkə sifarişlərimdən yubanan olub, indi göndərilir. Gördüm ki, xeyr. Heç bir səbəb olmadan kartımdan vəsait silinir.

Aidiyyəti üzrə banka yaxınlaşdım və problem olduğunu bildirdim. Onlar qeydiyyatı şəxsən özüm etdiyim və məlumatları təsdiqlədiyim üçün bunu qanunsuz addım kimi qiymətləndirmədilər. Çıxış yolu kimi bank kartımın beynəlxalq əməliyyatlar üçün çıxışını bağlamağı tövsiyə etdilər. Mən də bu əməliyyatın tətbiq edilməsinə razılıq verdim. Hazırda həmin kartla yalnız ölkə daxilində nağdsız ödənişlər edə bilirəm”.

Şikayətdən də aydın olur ki, onlayn alış-veriş saytlarında vətəndaşın qeydiyyata saldığı bank kartları sonradan onlara problem yaradır. Belə ki, alış-veriş saytlarının bir qismi prosedur qaydası kimi vətəndaşdan şəxsi kabinet yaratmağı tələb edir. Kabinetə isə şəxsi məlumatların daxil edilməsi tələb olunur. Lakin daha sonra kart məlumatlarını oradan silmək mümkün olmur və iddia edildiyi kimi kartdan müxtəlif məbləğdə pullar silinir.

Bundan başqa onlayn qumar oyunlarında da kart hesabı tələbi olunur və sonradan kartdan pul çıxılır.

Bu pulları hansısa formada geri qaytarmaq mümkün olurmu? Şəxsi məlumatların oğurlanması, kiberhücumlara məruz qalma riski varmı?

Ümumiyyətlə, bank kartları vasitəsilə bu kimi alış-veriş saytlarında, internet oyunlarında qeydiyyatdan keçmək doğrudur, yoxsa yox?

Məsələ ilə bağlı banklardan birində çalışan mütəxəssis Oxu.Az-a açıqlamasında qeyd edib ki, onlayn alış-veriş saytlarından istifadə etməzdən öncə o saytların ciddi, normal platforma olduğuna əmin olmaq lazımdır:

“Bəzən ucuz qiymətlərlə insanların diqqətini çəkirlər, amma belə nüanslara mütləq diqqət etmək lazımdır. Saytda şəxsi hesab, şəxsi kabinet açmazdan öncə şərtləri oxumaq lazımdır. Siz ora şəxsi məlumatlarınızı daxil edirsiniz, mütləq bilməlisiniz o məlumatlarla bağlı qarşı tərəf hansı formada yanaşma təklif edir. Çünki bank kartı yükləyərkən ilk dəfə sizdən 3D təhlükəsizlik kodu istəyir. Siz bu kodu yazırsınız. Qeyri-ciddi saytlarda bu kod yalnız bir dəfə istənilir və siz onu yazdıqda bilmədən növbəti alış-verişlər üçün kod istənilməməsini, məlumatlarınızın silinməməsini təsdiq edirsiniz”.

Mütəxəssis bank kartlarından 1-2 dollar çıxılması məsələsinə də aydınlıq gətirib:

“İlkin olaraq qeydiyyata düşən zaman sizə verilən suallara “accept” (razılıq) cavabı verərək bir sıra mərhələlər keçirsiniz. Oxumadan “hə” vuraraq, ödənişli proqramda qeydiyyatdan keçirik. Şərtlər müxtəlif ola bilir. Məsələn, ilk iki ay ödənişsiz, növbəti aylar 1,99 dollar, 2,99 dollar və s. ödəniş çıxılacaq. Həmin o çıxılan məbləğlər bu hallarda olur. Bu səbəbdən də həmin məbləğlərin geri qaytarılması qeyri-mümkündür”.