Azərbaycanda Novruz bayramı qeyd edilir

0
120

Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından biri olan Novruz bayramını qeyd edir.

Bu, Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqının qeyd etdiyi üçüncü Novruz bayramıdır.

Xalqımızın qədim adət-ənənələrindən olan bu bayram artıq üçüncü dəfədir işğaldan azad olunan ərazilərdə də qeyd edilir. Ona görə də Azərbaycan xalqı son iki ildə olduğu kimi, bu il də Novruz bayramını qürur hissi ilə qarşılayır.

Bu il Azərbaycana yaz fəslinin gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində Yaz fəsli başlayacaq.

Şimal yarımkürəsində Yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək.

Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.

Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Qədim zamanlarda bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat dörd ünsürdən – su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl 4 çərşənbə qeyd olunur.

Bu bayramın özünəməxsus adət-ənənələri də var: qurşaq atmaq, qulaq falına çıxmaq, tonqalın üzərindən tullanmaq, səməni yetişdirmək, xonçaı bəzəmək, yumurta döyüşdürmək, qonaq getmək, şam yandırmaq, yallı getmək, Novruz oyunları oynamaq (məsələn, ənzəli) və s.

Novruz bayramına dair inanclar: “Qapıya atılan qurşağı boş qaytarmazlar, “Gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarədir”, “Tonqaldan tullanarkən bu ifadə deyilir: “Ağrım səndə, uğurun məndə”, “Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar”, “Bayram günü ailənin sayı qədər şam yandırarlar” və s.