İdman zalında qətl törədən şəxsə AĞIR CƏZA

0
212

Bakıda idman zalında qətl törətməkdə ittiham olunan Əli Abbasovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Əli Abbasov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən il martın 1-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini Əli Abbasov Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən idman zalında məşq edərkən orada idman edən 1999-cu il təvəllüdlü Bəxtiyar Nəsibovla mübahisə ediblər. Bəxtiyar Nəsibov Əli Abbasova bədən xəsarətləri yetirib. Daha sonra Əli Abbasov qisas almaq niyyəti ilə Bəxtiyar Nəsibova üzərində gəzdirdiyi bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Əli Abbasov əvvəlcə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Dövlət ittihamçısı bu maddənin sanksiya tələbinə uyğun olaraq ona cəza istəyib. Bundan sonra zərərçəkmiş tərəfin vəsatəti əsasında onun əməlində daha ağır cinayətin olması şübhəsi olduğu üçün iş prokurora geri qaytarılıb.

Yenidən aparılan araşdırmadan sonra Əli Abbasova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham verilib.