Azərbaycan çempionu: “Əsas hədəfim Dünya Kuboku ilə bağlıdır”

0
194

“Planlarım tam dəqiqləşməyib, amma əsas hədəfim Dünya Kuboku ilə bağlı olacaq. Bu yarış həmişə vacibdir”.

Bunu şahmat üzrə Azərbaycan çempionu Vasif Durarbəyli Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

Qrossmeyster bildirib ki, sözügedən yarışın Bakıda keçirilməsi isə turnirin əhəmiyyətini daha artırır: “Dünya Kubokuna ciddi hazırlaşmağı düşünürəm”.

O, ölkə çempionatında qələbə qazanmasını belə şərh edib: “Ötən ilin sonunda Bakıda iki turnirdə uğursuz çıxış etdim. Azərbaycan yığmasına seçmə turnirdə yaxşı oynamadım, ardınca rapid və blits turniri mənim üçün uğurlu olmadı. Uğursuz turnirlərdən sonra bir qədər əsəbiləşmişdim. Uğursuzluq varsa, deməli dəyişiklik lazımdır. Bundan sonra iki aya yaxın qrossmeyster, dostum Burak Fıratla hazırlıq keçdim. Nəticədən razıyam. Ölkə çempionatının seçmə mərhələsində böyük fərqlə birinci oldum. Tay-brek qısa oyunlardı. Burada hər şey ola bilər. Sevinirəm ki, yekunda Azərbaycan çempionatının qalibi oldum.

Şahmatçı finalda ilk partiyada Vüqar Əsədlinin qələbə qazanmasını və hansı rəqibi ilə oyunun onun üçün daha çətin olması haqqında da danışıb: “İlk klassik partiyada ardıcıl 3 səhv etdim. Az qalmışdı çempionatı ikinci yerdə başa vurum. Amma geridönüş edə bildim. Oyunumdan razı qaldım. Vüqar Əsədlinin oyunlarını yaxından izləyirəm. Məncə son turnirlərdə yüksək oyun göstərir. İrəliləyiş hiss olunur. Son aylarda çox yaxşı oynayır. Klassik şahmatda mübarizəmiz gərgin oldu. Hər iki partiyada yaxşı mübarizə nümayiş etdirdi. Amma rapid hissədə məncə zəif oynadı. Həmkarlarıma qarşı hörmətsizlik olmasın, yeganə çətinlik kimi Aydın Süleymanlı ilə partiyanı qeyd edə bilərəm. Üstünlük var idi, amma təzyiq yaratmadı”.

Vasif Durarbəyli çempionatın formatı ilə bağlı fikirlərini də bölüşüb: “Çempionatın bu formatı xoşuma gəlir. Uğurlu format hesab edirəm. Amma bir çatışmazlıq olduğunu düşünürəm. İlk mərhələdə seçmədən sonra turnir cədvəlində birinci olmaq şahmatçıya üstünlük vermir. Məşhur şahmatçımız Şəhriyar Məmmədyarovla müzakirəmiz olub. Maraqlı təklif verdi. Məsələn turnir cədvəlində xal fərqi ilə birinci yerə çıxan şahmatçı birbaşa finala vəsiqə qazansın. İkinci-üçüncü yerin sahibi isə öz aralarında oynamaqla ikinci finalçını müəyyənləşdirsin. Bu halda birinci yerin sahibi üstünlük qazanır”.

Təcrübəli idmançı gənc şahmatçıların çıxışından narazı olduğunu da əlavə edib: “Gənc şahmatçılardan bir az narazıyam. İllərdi oynayırıq, artım sürətləri məni qane etmir. Federasiya məşqçilər dəvət edib, dəstək olur. Son üç ildə ölkə çempionatında oynayıram və fərqi hiss etmədim. Təvəzökarlıqdan uzaq olsa da, məncə, bu il çox yüksək fərq nümayiş etdirdim. Bir qədər yaxın mübarizə aparan Vüqar Əsədli idi, ona da finalda qalib gəldim”.