Vasif Talıbovdan ağlasığmaz tələb: İcra başçıları toya gedəndə…

0
212

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verəndən sonra onunla bağlı maraqlı məlumatlar yayılıb. Bu məlumatlar arasında V.Talıbovun qoyduğu qadağalar daha çox diqqət cəlb edib. 

Muxtar Respublikada Talıbovların hakimiyyətinə son qoyulandan sonra həmin qadağaların əksəriyyəti aradan qalxıb. Qəribə görünsə də, hazırda Naxçıvanda hər kəs həyətində təndir çörəyi bişirə bilir. Naxçıvanlı taksi sürücüləri muxtar respublikanın ərazisində sərbəst fəaliyyət göstərir, heç bir maneə olmadan şəhər və kəndlərə müştəri apara bilirlər. Naxçıvanda mağazaların, iaşə obyektlərinin açılması ilə bağlı tətbiq edilən qadağa da aradan qalxıb. Hazırda muxtar respublikanın kəndlərində bir deyil, bir neçə mağazanın açılmasına icazə verilir. 

Vaxtilə Naxçıvan rayonlarının birinə rəhbərlik etmiş sabiq icra başçısı indiyə kimi cəmiyyətə məlum olmayan maraqlı bir qadağadan danışıb. Onun sözlərinə görə, Vasif Talıbovun tətbiq etdiyi qadağalar təkcə sıravi insanları əhatə etməyib. Keçmiş Ali Məclis Sədri Naxçıvan rayonlarının icra başçılarına da bəzi qadağalar qoyub. Onun sözlərinə görə, bu məhdudiyyətlərdən biri toylarla bağlı olub.

Həmsöhbət deyib ki, V.Talıbovun hakimiyyətdə olduğu dövrdə öz övladına toy etmək istəyən icra başçısı mütləq ondan icazə almalı imiş. Hətta qonaq sayı da onunla razılaşdırılmalı imiş. 

İcra başçıları qohumlarının, yaxınlarının, tanışlarının toy məclislərinə qatılarkən də bəzi qaydalara əməl etmək məcburiyyətində olublar. Bunlardan ən gülməlisi vaxtla bağlı məhdudiyyət olub. V.Talıbov icra başçılarına hətta ən yaxın qohumlarının toylarında belə 2 saatdan artıq iştirak etməyinə icazə vermirmiş. 

Digər bir qadağa isə nəmərlə bağlı olub. V.Talıbov icra başçılarına toylara 100 manatdan artıq pul yazdırmağı qadağan edib. O, bunu vəzifəli şəxslərin sadə xalqdan seçilməməsi ilə əlaqələndirib. 

Ali Məclis sədrinin üçüncü qadağası isə spirtli içkilərlə bağlı olub. Vasif Talıbov icra başçılarına və digər vəzifəli şəxslərə toyda spirtli içki qəbul etməyi də yasaqlayıb. 

Həmsöhbətimizin dediyinə görə, Naxçıvan “xan”ı bu tələbə xüsusi olaraq nəzarət edirmiş.