Azərbaycanda qeyri-adi olay: Qazi olduğunu bildirib kirayə qaldığı evi satışa qoydu

0
154

Sumqayıtda qeyri-adi dələduzluq hadisəsi olub.

Hadisə “Stansiya Sumqayıt” adlanan ərazidə baş verib. Xaçmaz rayon sakini olduğu deyilən Əfqan Məmmədov özünü Vətən müharibəsi qazisi kimi təqdim edərək, Sumqayıt sakini Akif Bayramovun evində kirayədə qalıb. Bu zaman o, dələduzluq planlarını həyata keçirib.

A.Bayramovun sözlərinə görə, kirayənişin evdə hər şeyi satıb:

“Təxminən 40-45 yaşlarında olan kişi özünü Vətən müharibəsi qazisi kimi təqdim edib evimdə kirayədə qaldı. Qazi olduğuna inanıb pul da almadım. Hadisələr dekabrın ortalarında baş verib. Kirayənişinin adı Əfqandır. Xaçmaz rayonundan olduğunu demişdi. Deyirdi ki, Suqovuşanda döyüşüb, iki medal alıb. Biz də qazi olduğunu dediyi üçün rahatlıqla evimizi kirayəyə verdik. Yanında 25 yaşlarında bir qız da vardı. Əfqan evimin həyətindəki köhnə “Zaporojets” markalı avtomobili kəsib-doğrayıb satıb. Həyətdəki dəmir kanalizasiya borularını, pəncərələrin karnizlərini, hamamdakı əşyaları götürüb satıb. Evimi də satışa qoyub. Kirayənişin özünü ev sahibi kimi təqdim edərək, evi satdığı adamdan 1700 manat da beh alıb. İndi onunla əlaqə saxlamaq mümkün deyil, yoxa çıxıb”.

Zərərçəkmiş başına gələnlərlə bağlı polisə üz tutub. Polis Şöbəsində Əfqanın elə dələduz olduğu və bundan əvvəl 2-3 dəfə də analoji əməllər etdiyi bildirilib.

Hazırda polis tərəfindən araşdırmalar aparılır.