Erməni deputat mandatdan imtina etdi – Qarabağ uğrunda mübarizəni…

0
244

Ermənistan parlamentindəki “Ermənistan” fraksiyasının deputatı Aram Vardevanyan mandatından imtina etmək qərarına gəlib.

O, bu barədə sosial şəbəkələrdə məlumat yerləşdirib.

Deputat qeyd edib ki, noyabrın 25-də müvafiq bəyanat verəcək. Vardevanyan vurğulayıb ki, bu, onun şəxsi qərarıdır, lakin buna baxmayaraq, o, bunu fraksiyadakı həmkarları ilə müzakirə edib. Vardevanyan əmin edib ki, onları dəstəkləyəcək.

Vardevanyan hesab edir ki, deputat olarkən effektiv işləyib, mandatdan ölkənin rifahı naminə istifadə edib.

“Mən parlamentdə, Konstitusiya Məhkəməsində və onun divarları xaricində öz biliyimdən və səlahiyyətlərimdən maksimum yararlanmağa çalışdım, siyasi komandamıza lazım olan yerdə idim – mitinqlərdən tutmuş tribunaya, yürüşlərdən tutmuş saxlanma yerlərinə qədər”, – ixtisasca hüquqşünas olan deputat qeyd edib.

O əlavə edib ki, Qarabağ və Ermənistan uğrunda mübarizəni davam etdirəcək, lakin artıq vəkil kimi ictimaiyyətin sıralarındadır.

Qeyd edək ki, 2021-ci ildə keçirilən növbədənkənar seçkilər zamanı Aram Vardevanyan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” (“Ermənistan”) blokunun proporsional siyahısı ilə parlamentə seçilib