KTMT-nin İrəvan toplantısı: Gündəlikdə Ermənistan-Azərbaycan münasibətləri də var

0
223

İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir.

İclasda təşkilata üzv ölkələrin xarici siyasət və hərbi-texniki əməkdaşlıq məsələlərindəki koordinasiyası müzakirə olunur.

“Gündəliyimizdə xarici siyasətin koordinasiyası, hərbi-texniki əməkdaşlıq, yeni təhdidlərə aid iyirmiyə yaxın sənəd var. Layihələrin və məsələlərin əksəriyyəti artıq razılaşdırılıb. Ümid edirəm ki, məhsuldar fikir mübadiləsi aparılacaq”, – Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iclası açarkən deyib.

O vurğulayıb ki, İrəvan hazırkı görüşdə Ermənistan və Azərbaycan arasındakı sərhəd gərginliyinin müzakirəsinə xüsusi önəm verir.

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. 2022-ci ildə Ermənistan KTMT-yə sədrlik edir. Gələn il isə sədrlik Belarusa keçəcək.