Mehriban Əliyevadan qətiyyətli etiraz: UNESCO-dakı siyasi oyunlara verilən mahir cavab

0
149

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO-nun baş direktoru Odre Azuleyə məktub ünvanlayıb.

Məktubda Mehriban Əliyevanın UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyətinə xitam verildiyi qeyd olunub.

Birinci vitse-prezidentin sözügedən vəzifədən imtinası isə kifayət qədər əsaslı səbəblə izah edilib. Belə ki, Vətən müharibəsi nəticəsində Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsindən sonra Mehriban Əliyeva genişmiqyaslı bərpa və quruculuq işlərinə yaxından cəlb olunub və bu xüsusda, UNESCO çərçivəsində xoşməramlı səfir vəzifəsinə diqqət ayrılması artıq imkan xaricində olub. Bu isə öz növbəsində həm də Mehriban Əliyevanın üzərinə götürdüyü öhdəliklərə böyük həssaslıqla yanaşmasının göstəricisi kimi qiymətləndirilməlidir.

Ancaq sözsüz ki, Azərbaycanın Birinci vitse-prezidentinin bu qərarının arxasında sözügedən quruma və bütövlükdə dünya ictimaiyyətinə olduqca ustalıqla verilmiş bir mesajı da görməmək mümkün deyil.

Təşkilatın Azərbaycana qarşı münasibətində, xüsusilə Vətən müharibəsindən sonra nümayiş etdirdiyi ikili standartlar və qərəzli yanaşma heç kimə sirr deyil. Halbuki, Azərbaycan hər zaman UNESCO-nun ən fəal və etibarlı tərəfdaşlarından biri olub. Azərbaycan dövləti təkcə ölkəmizdə deyil, dünyanın bir çox yerlərində UNESCO dəyərlərinin təbliği üçün olduqca mühüm işlər görüb və qurumun fəaliyyətinə böyük töhfə verib. Ancaq Azərbaycanın bütün səmimi səylərinə baxmayaraq, bütün bunların fonunda UNESCO tərəfindən çağırışları hər zaman qulaqardına vurulub.

Ermənistanın təcavüzü və işğal altındakı ərazilərdə törədilmiş vandalizm aktları dəfələrlə Azərbaycan tərəfindən UNESCO-da qaldırılıb. Ermənilərin 30 ilə yaxın müddətdə Azərbaycanın mədəni irsinə divan tutması gündəmə gətirilib. Ancaq UNESCO ölkəmizin ortaya qoyduğu tutarlı faktlara məhəl qoymayaraq həmin dövrdə işğal altındakı ərazilərə dəymiş ziyanın qiymətləndirilməsi üçün missiya göndərməyib.

İşğal dövründə sadə dildə desək, ağzına su alıb oturan UNESCO Azərbaycanın tarixi ədaləti bərpa etməsindən sonra əl-ayağa düşməyə başlayıb. Buna Ermənistanın guya Azərbaycan tərəfindən hansısa abidələrin dağıdılması barədə əsassız ittihamları kifayət edib.

Ancaq təbii ki, bu əsassız təşəbbüslər Azərbaycanı qorxuda bilməzdi. Buna görə də rəsmi Bakı həmin ərazilərə missiya göndərilməsinə razılıq verərək, əslində, ermənilərin əsassız ittihamlarını da yerlə bir etdi. Bu zaman isə UNESCO ərazilərin kimə məxsusluğu barədə Ermənistanla yaranmış fikir ayrılıqlarını bəhanə gətirərək missiyanın göndərilməsindən imtina etdi. Görünür, sözügedən qurumda ermənilərin iddialarının əsassız olduğunun sübuta yetirilməsindən qorxan, əksinə onlar tərəfindən törədilmiş vandallıq aktlarının üzə çıxacağını düşünənlər bu missiyanı məqsədəuyğun hesab etməyib.

Qurumun bu cür qərəzli mövqeyində sözsüz ki, maraqlı bir məqam da xüsusi rol oynayır. Bu məqam hazırda UNESCO-nun baş direktoru Odre Azule ilə bağlıdır. Xüsusilə vurğulamaq lazımdır ki, Odre Azule bir zamanlar Fransanın mədəniyyət naziri vəzifəsini daşıyıb. Hazırda isə hər nə qədər qurumun fəaliyyət prinsiplərinə zidd olsa da, UNESCO-da öz dövlətinin siyasi maraqlarını fəal şəkildə müdafiə və təbliğ edir.

Hesab edirik ki, bu qısa qeyd UNESCO-dakı ermənipərəst mövqe və ikili standartları əsaslandırmaq üçün kifayət qədər tutarlı faktdır.

UNESCO-nun Azərbaycana qarşı birtərəfli mövqe sərgiləməsinin səbəbləri sırasında Fransa əsilli baş direktorun olması heç bir halda istisna edilə bilməz. Bunun üçün qurumun əvvəlki baş direktorlarının da fəaliyyətinə nəzər salmaq lazımdır. Məsələn, hələ 2005-ci ildə baş direktor Koiçiro Maatsura dövründə ən azından Azərbaycanın çağırışlarına reaksiya verilib, təşkilatın hesabatında missiyanın göndərilməsinin qarşısını alan səbəb kimi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalı nəticəsində əraziyə girişin mümkün olmaması qeyd olunub.

Fransız Odre Azulenin yanaşmasının təməlində isə olduqca açıq xətlə rəsmi Parisin maraqları özünü büruzə verir. Bu ölkənin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasına dəstək, ölkəmizə qarşı qərəzli mövqe dərhal nəzərə çarpır.

Bütün bunların fonunda Birinci vitse-prezident Mehriban Əliyevanın UNESCO-dakı fəaliyyətinə xitam verməsi məhz quruma verilmiş tutarlı cavab, qətiyyətli etiraz kimi qiymətləndirilməlidir. Mehriban Əliyevanın verdiyi qərar həm də Azərbaycanın ədalətsizlik və ikili standartlarla heç zaman barışmayacağına dair açıq bir mesaj, Azərbaycana qarşı qərəzli kampaniya müəlliflərinə gözdağıdır.

Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan UNESCO-nun fəaliyyətinə uzun illər ərzində ən çox töhfə verən ölkələr sırasındadır. Bu təşkilatın imicinin qaldırılmasında, dünya miqyasında bir sıra mühüm addımların atılmasında, sözsüz ki, xoşməramlı səfir kimi Mehriban Əliyevanın böyük xidmətləri olub. UNESCO isə Azərbaycana münasibətdə öz öhdəliyinə düşən vəzifələrə daim laqeyd yanaşaraq öz imicinə ağır zərbə vurub. Belə olan halda Azərbaycanla münasibətdə itirən tərəfin məhz UNESCO olduğunu söyləmək mümkündür. Çünki Azərbaycan onsuz da etibarlı tərəfdaş kimi bütün dünya tərəfindən qəbul edilir və haqlı olaraq bu cür mötəbər imicə sahibdir. UNESCO isə bu mənada etibarlı tərəfdaşına qarşı ortaya qoyduğu ikili standartların, bəlkə də ona rəhbərlik edən Odre Azulenin Parisin maraqlarına xidmət edən addımlarının qurbanına çevrilir.

İstənilən halda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva UNESCO və bu qəbildən ölkəmizə qarşı qərəzli yanaşma nümayiş etdirənlərə ən düzgün cavabı verdi və haqlı etirazını ən mükəmməl şəkildə ortaya qoydu. Azərbaycan Birinci vitse-prezidentinin etirazı həm də UNESCO-dakı məkrli oyunları, siyasi maraqlar naminə qurumun fəaliyyət prinsiplərini kobudcasına tapdalayanları ifşa etdi…