Azərbaycan-Albaniya münasibətlərinin inkişafında yeni mərhələ

0
158

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir.

AZƏRTAC Balkan yarımadasının cənub-qərbində yerləşən ölkə – Albaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrə nəzər salır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniya Respublikasına səfər edib. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan dövlət başçısının Albaniya Respublikasının Prezidenti Bayram Beqay və Baş nazir Edi Rama ilə görüşləri nəzərdə tutulub.

Ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. 2016-2019-cu illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı forumlarına bir qayda olaraq Albaniya Respublikasının Prezidenti, həmçinin Mərkəzin fəaliyyətində fəal iştirak edən keçmiş prezidentləri qatılıblar.

Qeyd edək ki, Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Bu münasibətlərin 30-ci ildönümü ilə əlaqədar gələn il Albaniyada “Azərbaycan Həftə”sinin təşkil olunması planlaşdırılır. İki ölkə arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, Baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Albaniyanın Baş nazir Edi Rama 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər ediblər. Bu ölkənin Prezidenti İlir Meta isə IX Qlobal Bakı Forumunda iştirak etmək üçün 2022-ci il iyunun 16-da Azərbaycana işgüzar səfərə gəlib.

Albaniyanın Baş naziri Edi Rama Bakıda səfərdə olarkən deyib: “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Baş nazir, həmçinin deyib: “Biz sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq”.

2022-ci il iyunun 16-da Bakıda olarkən Prezident İlham Əliyevə və Azərbaycan xalqına yeni uğurlar arzulayan Albaniya dövlətinin başçısı İlir Meta TAP layihəsinin müvəffəqiyyətlə başa çatdırılması ilə əlaqədar Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. O, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərində Azərbaycana uğurlar arzulayıb. Albaniya və Azərbaycan xalqlarının qardaş xalqlar olduğunu deyən İlir Meta gələn il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd ediləcəyini məmnunluqla bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev isə öz növbəsində IX Qlobal Bakı Forumunda iştirakına görə Albaniya Prezidenti İlir Metaya təşəkkürünü bildirib. Dövlətimizin başçısı Albaniyanın həmişə olduğu kimi, İkinci Qarabağ müharibəsində də Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirib və vurğulayıb ki, bu, Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir.

Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb.

İqtisadi sahədə əməkdaşlığa gəlincə deməliyik ki, Azərbaycan və Albaniya arasında 2016-2017-ci illərdə ticarət əlaqələrində canlanma müşahidə edilib. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması baxımından tərəflər bu sahədə əməkdaşlığın inkişafı məqsədilə birgə səyləri artırmağı məqsədəuyğun hesab edirlər. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin (CQD) iştirakçısıdır. TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanmış və 2016-cı ilin mart ayından tikinti işləri başlayıb. 2020-ci ilin dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Albaniya podratçı şirkətləri də TAP boru kəmərinin tikinti işlərində iştirak ediblər. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib. Layihə, həmçinin Albaniya üçün ÜDM və büdcə gəlirlərinin artımını təmin edib.

Trans-Adriatik Boru Kəmərinin Albaniya üçün faydalarına gəldikdə isə qeyd etməliyik ki, TAP konsersiumu Albaniyaya 1,5 milyard avro dəyərində sərmayə yatırıb. Layihənin ömrü ərzində (tikintisi və 25 il istismar mərhələsi dövründə) ölkəyə gözlənilən vergi ödənişləri 285 milyon avro olacaq.

Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. 2021-ci ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,95 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 0,66 milyon dollar, ixracın həcmi 4,29 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə müsbət 3,63 milyon dollar olub. Əvvəlki illə müqayisədə, ötən il Albaniya ilə ticarət dövriyyəsi 12,83 dəfə çox olub, o cümlədən idxal 70,47 faiz artıb, ixrac əməliyyatları bərpa olunub. 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,45 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 1,14 milyon dollar, ixracın həcmi 0,31 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 0,83 milyon dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə, cari ilin yanvar-sentyabr aylarında Albaniya Respublikası ilə ticarət dövriyyəsi 2,78 dəfə, o cümlədən idxal 2,69 dəfə, ixrac isə 3,14 dəfə çox olub. Azərbaycanda tikinti və xidmət sahələrində fəaliyyət göstərən 3 Albaniya investisiyalı şirkət qeydiyyatdan keçib.

2019-cu il noyabrın 26-da Albaniyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan tərəfindən humanitar yardım olaraq 500 min avro ayrılıb.

Onu da qeyd edək ki, Albaniya 2022-2023 illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Həmçinin Dünya Bankı, UNESCO, NATO, Ümumdünya Ticarət Təşkilatı, Avropa Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkədir. 2014-cü ildən Avropa İttifaqına üzvlüyə rəsmi namizəddir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Aralıq dənizi İttifaqı da daxil olmaqla Enerji Birliyinin qurucu üzvlərindən biridir. Bu ölkə Adriatik və İoni dənizləri sahillərində yerləşir və şimal-qərbdən Monteneqro, şimal-şərqdən Kosovo, şərqdən Şimali Makedoniya və cənubdan Yunanıstan ilə həmsərhəddir. Tirana həm ölkənin paytaxtı, həm də ən böyük şəhəridir, sonrakı böyük şəhərləri arasında Durres, Vlyora və Şkoder yer alır.