Britaniya KİV: “Rusiya Ukraynada müharibəyə İŞİD döyüşçülərini cəlb edir”

0
226

“Rusiya Federasiyası İŞİD qruplaşmasından suriyalı döyüşçüləri müharibəyə cəlb edir. Onlar Luqansk və Donbasda müdafiəni saxlamaq üçün müharibəyə göndərilirlər. Muzdlulara adətən qeyri-döyüş tapşırıqları verilir”.

Bu barədə Britaniyanın “Middle East Eye” nəşri kəşfiyyat mənbələrinə istinadən yazıb.

Bildirilib ki, suriyalı döyüşçülər əvvəlcə Rusiya ərazisində təlim keçir, bundan sonra isə  Ukraynanın işğal olunmuş şərq bölgəsinə göndərilirlər.

Qeyd olunur ki, Rusiya “fövqəladə hallarda və ya təcili ehtiyac yaranarsa, döyüş əməliyyatları aparmaq üçün Suriyadan muzdluları çağıra bilər”.

“Middle East Eye” Ukraynadakı müharibədə 500-dən çox suriyalının Luqansk və Donetskdəki obyektləri mühafizə etdiyi barədə məlumatlar əldə edib. Xüsusilə bildirilir ki, bunlar İŞİD terror təşkilatının təcrübəli döyüşçüləridir. Onların arasında xüsusi təyinatlı “Pələng qüvvələri”nin 25-ci diviziyasının, “Beşinci korpus”un nümayəndələrinin və “Sol əl-Qüds” silahlılarının (əsasən fələstinlilərdən ibarət qruplaşma) olduğu məlum olub.

Suriya hökumətinin nümayəndəsi anonimliyi qorunmaqla bu barədə nəşrə məlumat verib. Onun sözlərinə görə, Rusiya öz xüsusi təyinatlıları və “Vaqner” nümayəndələrinə görə suriyalıları cəlb edir. O qeyd edib ki, suriyalılar real döyüşlərdə iştirak etmirlər, onlar əsasən cəbhə xətti yaxınlığında maddi-texniki təminat kimi fəaliyyət göstərirlər.

Qeyd edilib ki, Suriyada döyüşçülərə “konkret bacarıq və təcrübələri”ndən asılı olaraq təxminən üç min ABŞ dolları təklif edilib.

Mənbə iddia edir ki, suriyalı muzdlular cəbhə xəttinə göndərilmirlər.

“Onlar açıq döyüş meydanında digər Rusiya alayları ilə normal əlaqə saxlaya bilməyəcəklər. Məsələn, Rusiya artilleriyası onları vura bilər”, – deyə o vurğulayıb.