Bakıda restoranlarda xarici turistlərə adi menyudan fərqli – daha yüksək qiymətlərin yazıldığı menyunun təqdim edilməsi halları ilə rastlaşmamışıq.
Bunu Bakı Turizm İnformasiya Mərkəzinin (BTİM) direktoru Rüfət Bağırov deyib.
Direktorun sözlərinə görə, mərkəz tərəfindən lazımi qurumlara belə xoşagəlməz halların aradan qaldırılması üçün müraciətlər göndərilib:
“Biz də rayonlarda xarici turistlərə fərqli qiymətlərin təklif edilməsi barədə eşitmişik. Amma Dövlət Turizm Agentliyi bu gün ölkəyə turist cəlb etməyə hazırlaşır. Turist gəldiyi ölkədə özünə qarşı çox kiçik belə etinasızlıq görərsə, ikinci dəfə həmin ölkəyə dönmür və oraya getməyi də heç kəsə məsləhət bilmir. Biz turistlərin Azərbaycandan razı getməsinə çalışırıq”.
R.Bağırov əlavə edib ki, BTİM-ə və turizm şirkətlərinə Bakıya səfər edən turistlər tərəfindən şikayətlər daxil olmayıb: “Bakıda çox yaxşı infrastruktur yaradıldığı üçün onlar hər şeydən rahatlıqla istifadə edirlər. Bu gün Bakıya gələn turist üçün bələdçi lazım deyil. O, xəritəni əlinə alaraq Bakının bütün gəzməli yerlərini ziyarət edir. Turistlər üçün xüsusi proqramlar da hazırlanıb ki, onlar bundan istifadə etməklə hansı yerə necə və hansı qiymətə gedəcəklərini öyrənə bilirlər”.
R.Bağırov qeyd edib ki, Bakıya gələn Avropa ölkələrinin vətəndaşları ölkəmizin mədəniyyəti, tarixi ilə maraqlanırlar. Ərəb ölkələrindən gələn turistlər daha çox şopinqə, qastronomiyaya, əyləncəyə, Çindən gələn turistlər isə gəzməyə və təbiətə üstünlük verirlər.